Azərbaycan XİN-dən ABŞ rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına CAVAB

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabı verib.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, 31 oktyabr 2023-cü il tarixində Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib, daha sonra isə 2 noyabr 2023-cü il tarixində Dövlət Departamenti “Amerikanın Səsi” xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq.

Bununla bağlı Ayxan Hacızadə qeyd edib ki, təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib:

"Bununla yanaşı, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib.

Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.

Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.

Sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.

Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı