Bakı metrosu iş rejimini dəyişəcək

Nazrilər Kabinetinin qərarı ilə 8-12 noyabr tarixləri qeyri-iş günü olduğundan "Bakı "Metropoliteni" QSC-nin iş rejimində də müvafiq dəyişikliklər edilib.

Metbuat.az “Report"a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

Bununla belə, onun sözlərinə görə, 8 noyabr - “Zəfər günü”ndə qatarların hərəkət intervalı 2 dəqiqə olacaq: “Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı