“Bayer”in oyununu pozmağa çalışacağıq” - Qurbanov

“Ən azından çalışacağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.

Metbuat.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bayer”ə qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

“Çox ciddi komandaya qarşı oynayırıq. İlk oyunda böyük hesablı məğlubiyyət oldu, buna baxmayaraq, futbolçularım ruhdan düşməyiblər. Bu gün oyuna heç də pis hazırlaşmamışıq. Sadəcə bu komandaya qarşı çox dinamik oynamalı və diqqətli olmalıyıq. Çünki Avropanın ən dinamik, sürətli komandalarından biri ilə oynayacağıq. Çox yaxşı oyun fəlsəfələri var. Bunu yaxşı icra edən oyunçuları var. “Bayer”lə tam tanış olduq, futbolçulara da rəqibi tanıtdıq, onları analiz etdik. Sabah öz doğma meydanımızda, azarkeşlərimizin qarşısında istəyirik ki, yaxşı, mübariz oyun göstərək. Futbolçularımın da bunu bacaracağına şübhə etmirəm. Ən azından çalışacağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.

Bu gün Zəfər Günüdür. Bu, sabah komandaya nə dərəcədə təsir edəcək?

Futbolçularımızın istər-istəməz qalib gəlmək istəyi daha çox olur. Bəzən belə amillər futbolçulara əks təsir göstərir. Ona görə diqqətimiz rəqibdə olmalıdır. Çox aqressiv, istəkli olsaq, bu bizə mane ola bilər. Biz rəqibə uyğun çalışıb öz oyunumuzu qurmalıyıq. Rəqibin üstün cəhətlərinin qarşısını almağı düşünməliyik. Bugünkü əhval-ruhiyyəmizin oyuna təsir etməməsini çox istəyərdim.

“Bayer” Bakıda məşqə çıxmayacaq. Bunu rəqibin arxayınlığı kimi qiymətləndirmək olar?

- Yox, belə düşünmürəm. Sadəcə proqramı belə qurublar. Belə hallar bəzən bizdə də olur. Komandalar bəzən yol uzun olduğu üçün, həmçinin, sıx qrafiki nəzərə alıb belə addım atırlar. Belə komandalar hamıya hörmətlə yanaşırlar. İnanmıram ki, belə düşüncələri olsun.

Sabahkı oyuna komandanı necə hazırlamısınız?

Bizim düşüncəmiz öz oyunumuzu yaxşılaşdırmaqdır. Digər tərəfdən, biz rəqibin oyununu pozub, öz oyunumuzu oynamağa çalışırıq. Bu, hər dəfə alınmır. İlk oyundan sonra təbii ki, bəzi dəyişikliklər olacaq. Oyunun gedişində dəyişikliyimiz, əlavə tapşırıqlarımız olacaq. Müəyyən dəyişikliklər etmişik. İnanıram ki, faydalı olar.

Uzun illərdir ki, “Qarabağ” qrup mərhələsinə yaxşı başlasa da, ikinci dövrədə tonusdan düşür, davamını gətirə bilmir. Sizcə, keçənilki nəticənin təkrarlanmaması üçün nə etmək lazımdır?

Keçən il Konfrans Liqasında qrupdan çıxdıq. Bəzən istədiyimiz alınır, bəzən alınmır. Bu o demək deyil ki, ilk oyunlara yaxşı hazırlaşırıq, digərinə yox. Əgər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışırıq. Komandanın optimal formada olub-olmama vaxtları olur. Bu gün bütün komandaların şansı var. Çünki hələ qarşıda bir-birimizlə oyunlarımız olacaq. Keçənilki və builki işlərimizi analiz edirik. Əgər şansımız varsa, düzgün analiz edərək son matçlarda da yaxşı nəticələr əldə edəcəyik. Çalışacağıq ki, mərhələ adlayaq. Nə dərəcədə alınacaq, zaman göstərəcək.

Zədəlilərlə bağlı durum necədir?

Hamı komandadadır. Sadəcə bəzi oyunçular 90 dəqiqə meydanda olmağa hazır deyil. Amma ciddi problem deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı