Azərbaycanda illik inflyasiya 10 %-ə düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 %, qeyri-ərzaq məhsulları üzrə 109,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 % təşkil edib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, oktyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100,4 %, ötən ilin oktyabr ayına nisbətən 103,9 % olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,8 %, ötən ilin eyni dövrünə nisbətən 103,1 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin, azalma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 104,7 % olub. Qeyri-ərzaq məhsullarından artım əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 104,5 % təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı