“Ulduz” Şokolad Fabriki Şanxayda keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal İxrac Sərgisində (CIIE) iştirak edib.
Yerli şokolad istehsalçısının məhsulları “Made in Azerbaijan” stendində nümayiş olunub.
İdxalı yerli istehsalla əvəz etmək məqsədilə ölkə iqtisadiyyatına böyük yatırımlardan olan və hazırda dünyanın ən böyük bazarlarından sayılan Çinə məhsul ixrac edən bu müəssisənin yeni məhsulları sərgi iştirakçılarına və müştərilərinə təqdim edilib.
Şokolad fabrikinin nümayəndələri sərgidə Cənubi Afrika və Mərkəzi Asiya ölkələrindən olan potensial müştərilər ilə görüşlər keçirib, yeni əməkdaşlıqlar barədə ilkin razılaşmalar əldə ediblər.
Sərgi zamanı “Ulduz” məhsullarının Çində fəaliyyət göstərən Azərbaycan Ticarət Palatasında yer alması ilə bağlı da anlaşma əldə edilib.
Qeyd edək ki, sahəsi təxminən 367 min kvadratmetr olan sərgidə 154 ölkə, region və beynəlxalq təşkilatlardan qonaqlar iştirak edib. Azərbaycan da daxil olmaqla 70-ə yaxın ölkə milli ekspozisiyalarını təqdim edib.