Hacıqabulun Kolanı kənd orta məktəbinin direktoru Arifə Əliyevanın səs yazısı yayılıb. Səs yazısındakı şəxs məktəbliləri “Bura meymunluğa gəlmisiniz”, “Qoyun sürüsü” və s. kimi ifadələrlə təhqir edib.
Metbuat.az xəbər verir ki, direktorun dediklərindən aydın olur ki, rəhbərlik etdiyi təhsil ocağında nizam-intizam yoxdur. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorundan bildirilib ki, məlum səs yazısından məlumatlıdırlar. Səs yazısı ötən tədris ilində 9-cu siniflər arasında keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra yayılıb. Həmin vaxt şagirdlər zəif nəticə göstərdikləri üçün direktor Arifə Əliyeva əsəblərini cilovlaya bilməyərək onları danlayıb və həmin səs yazısı məktəbdə işləyən bir müəllim tərəfindən qərəzli şəkildə yayılıb. Qurumun mövqeyindən belə aydın olur ki, problem direktorun şagirdlərlə hansı formada ünsiyyət qurmasında yox, səs yazısının yayılmasındadır. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sözügedən məsələ araşdırılır.