Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.
Metbuat.az xəbər verir ki, dövlət başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırlayıb.
İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.
İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulayıb, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirilib.
11:34
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.