1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında "Mi-8" hərbi vertolyotunun ermənilər tərəfindən vurulmasından 32 il ötür.İkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Metbuat.az xatırladır ki, 32 il bundan əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
Rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması olub. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.