Taxta bazarında yanğın qiymətləri artıracaq? - "Hadisədən əziyyət çəkən..."

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən “Dərnəgül” taxta bazarı kimi tanınan inşaat materialları bazarında güclü yanğın baş verib. Hadisə nəticəsində yanğın təxminən 4 min kvadratmetrə yaxın əraziyə ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə müzakirə edilən mövzulardan biri də yanğının taxta qiymətlərinin bahalaşmasına səbəb olacağı ilə bağlıdır.

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, həmin bazarda yanğın zamanı taxta ehtiyatlarının nə qədər yanması ilə bağlı məlumatlar dəqiqləşmədiyindən bu barədə öncədən danışmaq çətindir:


“İstənilən halda məhsulun yanması məhsul azlığı yaradır. Bu da nəticədə qiyməti artıran faktor sayılır. Hazırda yanğının fəsadlarının dəqiq hesabatı bəlli olmadığına görə, bu barədə öncədən fikir söyləmək olmur. Bu məlumatları bildikdən sonra qiymətlər barədə danışmaq daha düzgündür”.

Bazarda sahibkarlara dəyən zərərin hansı çətinliklər yarada biləcəyi ilə bağlı suala cavab verən iqtisadçı deyir ki, orada mal satan sahibkarların sığortasının olmaması vəziyyəti qəlizləşdirə bilər:

“Heç bir sığorta şirkəti ora gedib malları sığortalamır. Adətən sığorta şirkətləri mal qalıqlaqını gedib sığortalamırlar. Çünki açıq şəraitdə yanğın təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün heç bir sığorta şirkəti o riski üzərinə götürmür. Bazarda hazırda yanan bütün məhsullar hamısı sahibkarların cibindən gedəcək.Yəni zərər görən, müflis olan sahibkardır. Təəsüf ki, Azərbaycanda sahibkarlar bu kimi risklərə qarşı ehtiyatsız davranır və bu sığorta xidmətlərindən istifadə tam olaraq institutlaşmayıb”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı