Özbəkistan və Azərbaycan QHT təmsilçiləri iki ölkənin dövlət başçılarına müraciət ediblər

Füzuli şəhərində keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu iştirakçıları hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvalayıb.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir: “Biz - Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq.

30 ilə yaxın xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir. Qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün Türk dünyasını fərəhləndirir. Sizlərə müraciəti qəbul etdiyimiz məkan da simvolikdir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı eyni zamanda Özbəkistan və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir. Təsadüfi deyil ki, ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da məhz bu mərkəzdə baş tutub".

Qeyd olunub ki, bu gün bütün dünya Özbəkistan və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir: "Tarixdə heç vaxt Azərbaycan-Özbəkistan münasibətləri bu cür yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir – cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyev!

Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik!

Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi mütəfəkkir-şair Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu “şairlərin şahı” adlandırmasını unutmur".

Müraciətdə bildirilib ki, Özbəkistan və Azərbaycanı çoxəsrlik tarix, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət, dil birləşdirir: "Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu möhkəm bünövrə üzərində münasibətləri öz səviyyəmizdə daha inkişaf etdirmək, genişləndirmək əzmini ifadə edirik. Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bir-birimizi daha yaxından tanımaq fürsəti verməklə, ortaq fəaliyyəti təşkil etmək, irəli aparmaq üçün körpü rolunu oynadı.

Bu gün Azərbaycan və Özbəkistan dünya miqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin taleyini ancaq Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə etibar etdilər.

Biz Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutaraq bildirmək istəyik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq!

Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik! Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı