Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlər?

“Qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur. Sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri professor Adil Qeybulla Pravda.az-a bildirib. Professor deyib ki , heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə, qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Həkim bu səbədən də vaksinasiyanı vacib hesab edir.

A.Qeybulla hazırda kəskin şəkildə yayılan qızılcanın hansısa virusdan qaynaqlandığını iddia edənlərə isə belə cavab verib:

"Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi bununla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıblar, uşaqlar peyvənd olunmayıb. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənar qalıblar. Nəticədə, bu cür kəskin yoluxmalar var. Müdafiəsiz, immuniteti olmayan uşaqlar qızılcadan xəstələnirlər. Zamanında da həmişə qızılcadan kütləvi uşaq tələfatı olurdu. Bu gün də eyni şeyin şahidiyik. Qızılca yoluxucu xəstəlikdir. Kəskin pnevmaniyaya və beyin ödəminə gətirib çıxara bilər. Ölümün də əsas səbəbi budur. Valideynlər uşaqlarını zamanında peyvənd etməyiblər, qaçıblar, bəziləri imtina ərizəsi yazıb. Ən birinci bu məsələnin üzərində dayanmalıyıq. Hesab edirəm ki, dövlətin müvafiq orqanı bununla bağlı təcili işlər görməlidir. Vaksinasiya icbari xarakter almalıdır. Bu, hansısa arzuya bağlı ola bilməz. Epidemioloji vəziyyəti nəzərə alaraq icbari peyvəndləmə başlanmalıdır. Vəziyyətdən çıxış yolu ancaq budur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı