300 dollarlıq gömrük limiti dəyişdirilir? - AÇIQLAMA

Son günlərin aktual mövzularından biri də şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlıdır.

Metbuat.az xəbər verir ki, bu məsələyə münasibət bildirən iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib ki, bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq onun aşağı salınması məqsədəuyğun deyil:

“Bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.Sonununcu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür. Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar”.

Millət vəkili hesab edir ki, sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir:

“Vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları hər zaman mümkündür”.

Qeyd edək ki, bəzi ekspertlər bu məsələdə Özbəkistan və s. kimi modelin tətbiq olunmasını təklif edirlər. Onlar gömrük rüsumunun aylıq deyil, illik qoyulmasının tərəfdarı olduqlarını qabardırlar. Çünki vətəndaş elə ay olur ki, həmin saytlardan ehtiyacı olmadığı səbəbindən alış-veriş etmir, nəticədə aylıq limiti istifadəsiz qalır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR