Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.
Metbuat.az-ın "Qaynar xətti"nə gələn məlumata görə, zəlzələdən sonra Bakı Şəhər Yasamal rayonunda yerləşən məktəblərin birində ikinci dalğa, afterşoklar səbəbindən dərslər təxirə salınıb.
Valideynlər müəllimlər tərəfindən məlumatlandırılaraq uşaqlar evlərinə göndərilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Metbuat.az-a bildirdi ki, bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.
"Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı toplanış məntəqələrində toplanması təmin olunub. Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb".