​Quterreş Qəzza üçün ilk dəfə bu səlahiyyətindən istifadə etdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş səlahiyyət müddəti ərzində ilk dəfə olaraq BMT Nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək Qəzzada humanitar fəlakətin qarşısının alınması üçün Təhlükəsizlik Şurasına məktub göndərib.

Metbuat.az xəbər verir ki, baş katibin sözçüsü Stefan Düjarrik mətbuat konfransında sözügedən məktubu paylaşıb.

Baş katib Quterreş məktubda BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, İsrail-Həmas düşmənçiliyinin insanlarda dəhşətli iztirablara səbəb olduğunu bildirib. Quterreş İsrailin hərbi əməliyyatları səbəbiylə Qəzzada mülki əhalinin böyük təhlükə altında olduğunu, mülki insanları qorumaq üçün təhlükəsiz yer olmadığını vurğulayıb. Qəzzada mövcud vəziyyətin əhəmiyyətli humanitar əməliyyatların aparılmasını qeyri-mümkün etdiyini vurğulayan Quterreş, Qəzzanın İsrail qüvvələrinin davamlı bombardmanları altında olduğunu bildirib.

Quterreş, beynəlxalq ictimaiyyətin Qəzzada zorakılığın daha da artmasının qarşısını almaq və böhrana son qoymaq üçün öz nüfuzundan istifadə etmək öhdəliyi olduğuna diqqət çəkib və deyib: “Təhlükəsizlik Şurası üzvlərini humanitar fəlakətin qarşısını almaq üçün təzyiq göstərməyə çağırıram və mən humanitar atəşkəs elan edilməsi ilə bağlı xahişimi təkrarlayıram”

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 99-cu maddəsi BMT Baş katibinə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhdid hesab etdiyi istənilən məsələni Təhlükəsizlik Şurasının üzvlərinin diqqətinə çatdırmaq səlahiyyətini verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı