TDT-yə üzv dövlətlər Birgə Bəyannamə qəbul etdilər

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib.

Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, toplantının gündəliyində duran rəqəmsal infrastrukturun inkişafı, kibertəhlükəsizlik və elektron hökumət kimi bir sıra məsələlər ətraflı müzakirə edilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək rəqəmsal transformasiyanın Azərbaycan hökumətinin gündəliyində duran prioritet məsələlərdən biri olduğunu bildirib. Nazir müavini ölkəmizdə innovasiya, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması ilə əlaqədar aparılan işlər, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndlərin qurulması, elektron hökumət, elektron imza, hökumət buludu və kibertəhlükəsizlik istiqamətlərində aparılan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Görüşün yekununda TDT-yə üzv dövlətlərin İKT sahəsinin inkişafına dair Birgə Bəyannamə qəbul edilib.

Xatırladaq ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 03 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan Respublikası təşkilatın ilk 4 təsisçi ölkəsindən biridir və hazırda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə yanaşı təşkilatın üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı