"Yararsızlar" yenidən yoxlanacaq: "Əyri yollara baş vurmasınlar, əks halda..."

Prezident İlham Əliyevin "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 6 oktyabr 2023-cü il tarixli fərmanına əsasən, gələn il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, daha əvvəl mövcud olan neqativ halların qarşısının alınması məqsədilə yaradılan yeni platforma nəticəsində çağrışçıların hərbi xidmətdən əsaslı səbəb olmadan yayınanmaq məsələsi aradan qalxacaq:

“Heç kimə sirr deyil ki, əvvəllər biz çağırış şöbəsinin əməkdaşı, həkim və vətəndaş arasında əldə olunan üçtərəfli razılaşma əsasında bəzi çağırışçıların hərbi xidmətdən yayınması faktları ilə rastlaşırdıq. Hazırda bu neqativ halların qarşısının alınması məqsədilə yeni bir sistem yaradılır. Burada artıq xəstəni bir həkim deyil, bir neçə həkimdən ibarət DTSERA komissiyası əyani müayinə edəcəklər. Ümid edirik ki, bununlada gələcəkdə hərbi xidmətə çağırışdan yayınma halları tamamilə aradan qalxacaq”.

TikTok-da orduya aid görüntü yayanlar həbs edilməlidir -

Təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, çağırışçıların sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.

Ədalət Verdiyev deyir ki, üç il yararsızlıq müddəti başa çatanlar təkrar olaraq obyektiv bir şəkildə müayinədən keçirilərək, hərbi xidmətə yararlı olanlar 36 yaş yarıma qədər hərbi xidmətə göndəriləcəklər:

“Hazırda qüvvədə olan qanunvericiliyə görə, 36 yaş yarıma qədər çağırışçılar hər üç ildən bir təkrar müayinə üçün həkim komissiyasına çağırılırdılar. Uzun illər bu sahədə valideyn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli əməkdaşı və xəstəlik profili üzrə həkim arasında üçtərəfli korrupsiya sxemi mövcud idi. Burada bəlli bir vəsait, xahiş və ya kənar müdaxilə qarşılığında sağlam olduqları halda bəzi çağırışçılar xidmətdən yayındırılırdı. Əyri yollarla əldə olunmuş razılıq əsasında yenidən yararsızlıq müddəti üç il müddətinə uzadılırdıvə bu müddətli hərbi xidmətə çağırış yaşının son həddinə qədər davam edirdi. Ümid edirəm ki, ƏƏMSN-in Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu məsələləri nəzərə alacaq və tam obyektiv qərarlarla həm dövlət maraqlarımızı qoruyacaq, həm də ictimaiyyətin rəğbətini qazanacaq.

Vətəni qorumaqhər birimizin borcudur. Ona görə də saxta yollarla xidmətdən yayınmaq istəyənlərə buradan səslənirəm ki, belə əyri yollara baş vurmasınlar. Tez ya gec əyri məsələlərin üstü açılacaq, aidiyyatı olan şəxslərin bir hissəsi xidmətə gedəcəklər, digərləri qanun qarşısında cavab verməli olacaqlar”.

Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov mətbuata verdiyi açıqlamada bildirmişdi ki,6 ay ərzində fərmanın icrasını təmin etmək məqsədilə işçi qrup yaradılacaq və texniki məsələlər həll ediləcək:

Perviz Sedreddinov işindən ayrıldı

“Nəticədə, həm müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığının müəyyən edilməsi prosesi daha rahat həyata keçiriləcək, həmçinin bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması əldə ediləcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı