Sahibə Qafarova ICESCO-nun Baş direktoru ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Milli Məclisdən Metbuat.az-a bildirilib ki, Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Sahibə Qafarova, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Spiker deyib ki, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibə başa çatdırdan sonra bölgəyə ilk texniki heyət göndərən beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir.

Milli Məclisin sədri sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə gördüyü işlərə görə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülmüş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmləndirilməsi istiqamətində davamlı səyləri barədə danışılıb. “Bakı prosesi” çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub, qurumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı rolunda çıxış etməsi yüksək dəyərləndirilib.

Azərbaycan ilə ICESCO arasında keçən il imzalanmış Fəaliyyət Planının əhəmiyyəti barədə danışan Milli Məclisin sədri bildirib ki, ölkəmiz gənclər, təhsil, mədəni irsin qorunması və bərpası kimi mühüm sahələrdə təşkilatla əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Təşkilatın Bakı şəhərində Regional Ofisinin fəaliyyətə başlaması ilə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Milli Məclisin sədri Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasından dərin məmnunluğunu ifadə edərək, bunun Şuşanın İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətini nümayiş etdirmək üçün yaxşı fürsət olacağını bildirilib.

Söhbət zamanı parlamentlərin ICESCO ilə elm, təhsil, mədəniyyət sahələrində gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Bu çərçivədə Milli Məclisin sədri ICESCO və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, ötən illərdə Azərbaycana səfərləri çərçivəsində ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib. Baş direktor Heydər Əliyev Fondunun İslam dünyasında təhsil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycanın ianə ayırmasını onun ICESCO-nun işinə dəstəyinin daha bir təzahürü kimi dəyərləndirib. Baş direktor ICESCO-nun işinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.
Salim bin Məhəmməd əl-Malik Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə təbriklərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

*****

Mərakeş Krallığına rəsmi səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Peyğəmbər muzeyi və “İslam və Mərakeş” sərgisi ilə tanış olub.
Spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Səfər çərçivəsində nümayəndə heyəti V Məhəmməd məqbərəsinə də gedərək, burada V Məhəmmədin və II Həsənin məzarlarını ziyarət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı