Qərbin Rusiyaya qarşı "nokaut" planı: "İncə siyasətlə hazırlanıb"

G7 ölkələrinin nümayəndələri dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb. Nəşr bildirir ki, buna səbəb Aİ-nin Ukraynaya hələ də 50 milyard avronun ayrılması məsələsində qərara gələ bilməməsidir.

Məsələ ondadır ki, Aİ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini Ukraynaya göndərməklə Kremlin Kiyevə təcavüzünü dayandırmağa çalışmaq istəyir.

Bu barədə Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov Metbuat.az-a açıqlama verib. Politoloq bildirib ki, Aİ bu addımı ilə Rusiyanın müharibə bitəndən sonra qalxan sanksiyalar fonunda sürətli inkişafının qarşısını almaq istəyir:

“Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği hazırda 207 milyard avro təşkil edir. Bu kifayət qədər böyük rəqəmdir. Qərbin burada düşündüyü incə məqamlar var. Aİ istəyir ki, bir tərəfdən Rusiyanın maliyyə imkanlarını məhdudlaşdırsın, digər tərəfdən isə Ukraynaya özünün deyil, Rusiyanın pulunu versin. Bu da onların maraqlarını tam təmin edən bir siyasətdir.

Məsələnin qanuni olub olmaması tərəflərinə gəldikdə isə qeyd edim ki, yəqin ki, Qərb bunu artıq beynəlxalq hüquqda təsbit olunmuş maddələrə əsasən aparacaq .

G7 ölkələri qanunsuz şəkildə həmin aktivləri blokdan çıxarıb Ukraynaya verə bilməz. Prosesin reallaşması üçün hüquqa söykənən tərəflər olmalıdır. Qərb bunun üçün mənbələr tapmalı, tam legitim şəkildə ödənişi həyata keçirməlidir. Əks halda Rusiya Aİ-nin bu addımını Beynəlxalq Məhkəməyə aparıb hüquqlarını tələb edə, pulu geri qaytara bilər”.

Aİ-nin dondurulmuş aktivləri Ukraynaya hansı məqsədlər üçün yönəldəcəyi ilə bağlı danışan politoloq vurğuladı ki, görünür, Qərbin niyyəti başqadır:

“Aİ Rusiyanın Ukraynaya vurğu ziyana görə bu məbləği təzminat kimi ala bilər. Məsələn, Azərbaycan 30 il ərzində Ermənistanın torpaqlarımızda törətdiyi maddi və mənəvi vandallıqlara görə təzminat tələb etdi. Eyni təcrübəni Qərb Rusiya üzərindən yürüdə bilər.

Hesab edirəm ki, həmin aktivlər birbaşa Ukrayna iqtisadiyyatına yönləndirilməyəcək. Hələ bundan sonra həmin puldan daha çox Ukraynanı silahlandırılması məqsədi ilə istifadə ediləcək. Qərb istəyir ki, Ukraynanın ordusunun silahlanmasını modernizasiya formasını həyata keçirsin. Bu plan dadaha uzunmüddətli müharibəni həyata keçirmək strategiyasından irəli gələn məsələdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı