"Dərsliklərdə qüsurlar var, valideyn məcburdur başqa vəsait alsın" - Ekspert

"Dərsliklərin səviyyəsi zaman-zaman müzakirələrə səbəb olub. Onların tərtibindəki boşluqlar, bəsit və aşağı səviyyəli mətnlər bu məsələni daha da aktual edib. Dərsliklər yazılarkən, sanki bəzən uşaqların yaş səviyyəsi nəzərə alınmır. Keyfiyyətli dərslik o zaman ortaya çıxır ki, burada elmi və pedaqoji yanaşmalar gözlənilir. Burada psixoloji, sosioloji və digər amillər də var. Başqa sözlə, dərsliyin elmi səviyyədə tərtib olunması şərt deyil".

Bunu Metbuat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Dərsliklərdəki boşluqlarla bağlı danışan ekspert bildirir ki, Azərbaycan dili dərsliklərində dil qaydalarının çatdırılmasında qarışıqlıq, pərakəndəlik var:

"Məsələnin ikinci tərəfi, dərsliyin müxtəlif yaş qruplarında olan məktəblilərə öyrədilməsidir. Bu gün Azərbaycan məktəblisi yaşına uyğun olaraq, verilən mətnləri anlamaqda çətinlik çəkir. Bu baxımdan, dərsliklərin hazırlanmasında yerli təcrübənin tətbiqi ilə yanaşı, beynəlxalq təcrübə öyrənilməlidir. Üslub və anlamada çətinliklər mövcuddur. Bu da ali məktəbə qəbul olmaq istəyən abituriyenti qane edə bilməz. Valideyn məcburdur ki, hansısa müəllifin daha sadə və yığcam şəkildə hazırladığı vəsaiti alsın. Ədəbiyyat dərsliklərində də vəziyyət yaxşı halda deyil. Burada ən çox diqqətçəkən maarifləndirmə problemidir. Müasir Azərbaycan ədəbiyyatı demək olar ki, təbliğ olunmur, öyrədilmir.

Qənaətim budur ki, mövcud dərs vəsaitlərinin məzmunu şagirdlərin şəxsiyyət kimi formalaşmasına uyğun hazırlanmalı, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin təbliği yüksək səviyyədə əks etdirilməli, dərsliklərdə verilən tapşırıqları mənimsəmə və qavramada çətinlik yaratmamalıdır. Dərsliklərdə estetik və poliqrafik baxımından bəzi qüsurların olduğu da nəzərdən qaçmır".

Son olaraq Rizvan Fikrətoğlu əlavə etdi ki, dərslik çap olunarkən müasir standartların tələbləri gözlənilməlidir. Mövzular şəkillər, cədvəllər, sxemlərlə veriləndə daha tez mənimsənilir. Bu kimi amillər mütləq nəzərə alınmalıdır.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı