ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az-ın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizin üçün bu əlamətdar gündə Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı, səadət diləyirəm.

Mən, həmçinin möhtəşəm liderliyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Sizin rəhbərliyinizlə bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib. Regionda sülhün, sabitliyin və inkişafın təşviq edilməsinə Sizin sadiqliyiniz təqdirəlayiqdir.

Eyni zamanda, mən ICESCO və Azərbaycan arasında inkişaf edən əməkdaşlığı da vurğulamaq istərdim. Bu əməkdaşlıq mədəniyyət sahəsində mübadilənin aparılmasına, təhsil sahəsində inkişafa və elm sahəsində əməkdaşlığa təkan verilməsində mühüm rol oynayıb. Bu əməkdaşlıq qarşılıqlı anlaşma, tolerantlıq, eləcə də sülh, sabitlik və davamlı inkişafın təşviqi prinsiplərinə birgə sadiqliyimizi nümayiş etdirir.

Biz əminik ki, mövcud əməkdaşlıq Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, Azərbaycan xalqına və bütün İslam dünyasına müsbət nəticələr gətirəcək. Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, bu təşəbbüsün Sizin himayəniz altında reallaşması ICESCO üçün bir şərəf olacaqdır. Bundan başqa, Sizin xeyir-duanızla İslam dünyasının qovşağına çevrilməyi qarşısına məqsəd qoyan ICESCO-nun Bakıda tezliklə regional ofisinin rəsmi açılışı olacaqdır.

Cənab Prezident, COP29-a ev sahibliyi edəcəyinizlə əlaqədar bildirmək istəyirik ki, biz ölkənizin rəhbərliyinin dünyada iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin formalaşdırılmasında çox mühüm rol oynayacağına inanırıq. ICESCO-nun iştirakı Azərbaycan ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcək.

Həmçinin məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, hazırda ICESCO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır.

Zati-aliləri, bir daha doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik. Qarşıdan gələn ildə Sizə və Azərbaycan xalqına firavanlıq, sülh və inkişaf arzulayırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR