Prezident bu kəndlərin təməlini qoydu - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Metbuat.az xəbər verir ki, səfər çərçivəsində İlham Əliyev Ağdam rayonunun Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin təməlini qoyub.

Dövlət başçısına kəndlərdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Qiyaslı kəndinin ümumi ərazisi 400 hektara yaxındır. Bu kənddə 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək.

Qeyd olunub ki, Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Ağdam rayonunun Salahlı Kəngərli kəndi kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar. Bu kənddə 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Prezidentə Ağdam rayonunun Baş Qərvənd kəndi barədə də məlumat verilib. Bildirilib ki, kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı