"Bayramda ət bahalaşacaq, sonra isə..." - Qiymət artımının SƏBƏBLƏRİ

"Azərbaycanda ətin qiyməti uzun illərdir ki, artır. Son 1 ayda ucuzlaşma var, bu da Rusiyadan heyvanların gətirilməsi ilə bağlıdır. Lakin bayram günlərində qiymət qalxacaq və təəssüf ki, sonra da davam edəcək".

Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirir ki, ölkədə ətin qiymətinin qalxmasının bir çox səbəbləri var:

"Birinci səbəb odur ki, heyvandarlıq üçün lazım olan torpaqlar əkin sahələrinə çevrildi. Bu, səhv siyasət idi və icra hakimiyyətlərinin təzyiqi altında oldu. İkinci, suvarma resurslarına əlçatanlıq azaldı. Suvarılan torpaqlar ayrı-ayrı adamların əlində birləşib, suvarma imkanlarına onlar malikdir, sadə kəndli yox. Ona görə də, heyvan yemi yetişdirmək mümkün olmur.

Üçüncü, heyvan yeminin qiyməti ilə yoncanın qiyməti son 4 ildə 2 dəfə artıb. Həmçinin, bazarlarda evdə saxlanılan heyvanların gətirilib birbaşa satışa çıxarılmasına imkan verməyən üçüncü subyektlər – alverçilər var. Alverçilərin əlindən keçmədən malı satmaq mümkün deyil. Onlar da mala öz bildikləri qiyməti qoyurlar.

Digər tərəfdən, bazar böyük inhisarçıların əlində toplaşıb. Qiyməti özləri təyin edirlər, yəni, kartel sövdələşmələri mövcuddur, ona görə də, ətin qiyməti artır.

Bir səbəb də insanların heyvandarlıqla məşğul olma istəklərinin azalmasıdır. Baytarlıq xidmətlərinin, dərmanlarının da qiyməti çoxdur. Bunlar hamısı üst-üstə gəlir və ətin qiymətinin artmasına səbəb olur".

Son olaraq ekspert qeyd etdi ki, qiymətlərin azalması üçün hökumət azad bazar şəraitini gücləndirməlidir, xaricdən ölkəyə idxal artmalıdır və yerli təsərrüfatların inkişafı üçün işlər görülməlidir ki, ət istehsalı artsın.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı