Ermənistan yeni müharibəyə hazırlaşır? - "Hər şey nəzarətimizdədir"

"Ermənistanın yeni silahlar almaqda məqsədi güclənməkdir, bunun üçün də müxtəlif bəhanələri var. Guya zəif olsalar, Azərbaycan onların torpaqlarını işğal edəcək".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Telman Qasımov deyib. Onun sözlərinə görə, Rəsmi İrəvan son müharibədən sonra arsenalındakı Rusiya silahlarının Qərbin və digər dövlətlərin silahları ilə dəyişdirilməsi prosesinə başlayıb:

"Bunun da bir neçə səbəbləri var. Bilirsiniz ki, Ermənistan silah almaq üçün Rusiyaya müəyyən məbləğ ödəyib, lakin silahlar hələ də təhvil verilməyib. Səbəb Rusiyanın hazırda Ukrayna cəbhəsində müharibə aparmasıdır, özünün silaha ehtiyacı var. Digər tərəfdən 44 günlük müharibədə rus silahlarının effektsizliyi sübut olundu. Ona görə də, Ermənistan artıq Rusiyaya etibar etmədiyi üçün digər dövlətlərlə əməkdaşlıq edir. Bunlar Hindistandır, İrandır, Fransadır, hətta Çindir. Yəni Ermənistan istər müdafiə, istər hücum xarakterli silah arsenalını genişləndirir, yeniləyir. Burada məqsəd güclənməkdir. Müxtəlif bəhanələri var, düşünürlər ki, regionda zəif olsalar, guya Azərbaycan onların digər torpaqlarını işğal edəcək, onu parçalayacaq".

Ekspert bildirib ki, artıq biz son müharibədə onlara öz gücümüzü göstərdik, ona görə onlar özlərini qorumaq üçün bu proseslərə gedirlər:

"Alsınlar, hər bir müstəqil dövlətin öz ordusunu gücləndirmək hüququ var. Narahat olmağa dəyməz ona görə ki, Azərbaycan hər şeyi izləyir, hər şeydən məlumatımız var. O silahların hansı texniki göstəricilərə cavab verdiyindən xəbərdarıq, biz də o silahlara qarşılıq olaraq 4-cü, 5-ci nəslə aid olan silahlar alırıq ki, lazım gələndə qoruna bilək. Hindistandan havadan müdafiə sistemləri alırlar, Fransa isə guya Ermənistana qırıcı təyyarələr göndərəcək və s. Bunların hamısı nəzərə alınır. Elə şeylər var ki, açıq danışmaq olmaz, amma hər şey nəzarətimiz altındadır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı