2022-ci ilin sonlarında gətirilən 4 yeni nəsil qatardan 3-ü ötən il sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb. Bununla “Bakı Metropoliteni”Qapalı Səhmdar Cəmiyyətində yeni nəsil vaqonların sayı 115-ə, qatarların sayı isə 23-ə çatıb.
Metbuat.az xəbər verir ki, 2023-cü ilin planına əsasən, 2 qatar modernizasiya olunmaqla orta təmir edilib: “2023-cü ilin son rübündə təmirinə başlanılan qatarın yaxın vaxtlarda sazlama işləri başa çatacaq.
Hesabat dövründə qaçış məsafəsi normativlərinə uyğun olaraq, 40 vaqonda 2 saylı, 305 vaqonda 1 saylı cari təmir işləri yerinə yetirilib. Bu seriyadan olan vaqonlara il ərzində 4130 dəfə texniki baxış keçirilib. Yeni nəsil - 81-760/761/763 və 81-765/766 seriyalı vaqonların 1 saylı qaldırma depo təmirinə il ərzində zərurət olmayıb. Lakin 75 vaqonda 1 saylı, 40 vaqonda isə 2 saylı dövri təmir işləri aparılıb. Ümumilikdə, bu tip vaqonlara 385 dəfə texniki baxış keçirilib”.
“İlin ən böyük uğurlarından biri qatarlarda yanğın təhlükəsizliyi ilə bağlı pilot layihənin uğurla tətbiq edilməsidir. İlk dəfə quraşdırılan yanğın xəbərdaredici sistemi qatarların yanğın təhlükəsizliyinin ən yüksək həddə çatdırılması deməkdir”, - deyə vurğulanıb.
Bundan başqa, qeyd olunub ki, ötən il 12-20 saat ərzində xətdə hərəkət edən qatarların müntəzəm olaraq depoya qaytarılması və normativlərə uyun baxışın keçirilməsi diqqət mərkəzində saxlanılıb: “1967-ci ildən istismarda olan elektrik deposunun dövrün standartlarına uyğunlaşdırılması, müasir texnoloji yeniliklərin nəzərə alınması da vacibdir. Bu mənada 2023-cü ildə 5 təmir-baxış sahəsinin əsaslı təmir olunaraq yenidən qurulması xüsusi qeyd olunmalıdır. Bununla depoda olan 30 təmir-baxış sahəsindən tən yarısı əsaslı modernləşdirilib. Ən əsası, müvafiq qaydada dərinliyin təmin edilməsi qatarların əlavə manevr işi görülmədən yerində qulluq və xidmətinin təşkilini daha da sürətləndirməklə bu problemləri əsasən, aradan qaldırıb”.
“Ötən il 6 hidravlik qurğu quraşdırılıb. Bununla da yeni tipli vaqonların baxışı və qulluğu daha da yüksək səviyyəyə çatacaq. 81.717-714 seriyalı vaqonların qidalanma sistemi üçün 220 helium tipli akkumulyator batareyası alınaraq quraşdırılıb. Depoda yeni nəsil qatarların təmiri məqsədilə mövcud infrastruktur daxilində yeni sahənin yaradılmasına başlanılıb. İl ərzində ehtiyacları ödəmək üçün 10 təkər cütü, yeni nəsil vaqonların kondisionerlərinin süzgəclərini hazırlamaq üçün avadanlıq alınıb”, - deyə qeyd olunub.