Ölkədə pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur. Onun sözlərinə görə, məsələ "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir:

"Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur".

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, Azərbaycanda orta statistik pensiya yaşı inkişaf etmiş ölkələrin təcrübəsinə yaxındır:

“Pensiya yaşı pensiya kapitalı ilə müəyyənləşir. Hər bir şəxs işlədiyi müddətdə sosial müdafiə üçün məvacibindən müəyyən qədər ayırmalar edir. Pensiya yaşına çatdıqda isə həmin məbləğ 12 il ərzində o şəxsə hissə-hissə qaytarılır. Əvvəllər orta yaş həddi 77 sayılsa da, indi bu rəqəm 73 olub. Bütün dünyada olduğu kimi, pensiya ödəmə müddəti 12 il nəzərdə tutulduğu üçün, gələcəkdə bizdə də pensiya yaşının endirilməsinə baxılmalıdır.

Hesab edirəm ki, mürəkkəb məsələnin həllinə iqtisadi potensialımız da şərait yaratmalıdır. Zamanla əmək müqavilələri sahəsində şəffaflaşdırılma aparıldıqca, sosial ödəmələr Fonda tam təmin olunduqdan sonra, bu məsələlərin həlli istiqamətində daha çox işlər görüləcəkdir”.

Cəmiyyətdə pensiya yaşının azaldılması barədə yaranmış suallara cavab olaraq iqtisadçı bildirib ki, məsələ təkcə azaldılma ilə bağlı deyil:

“Bizdə ödənilən pensiyaların məbləği də o qədər böyük sayılmır. Bəzi insanlar daha çox maaş aldıqları üçün ya tez pensiyaya çıxmaq ismirlər, ya da daha çox pensiya almağa can atmırlar. O adamların bir çoxu gizli əmək bazarında fəaliyyət göstərir, pensiya fondunda ödəmələrdən yayınırlar. Ölkədə pensiya siyasəti yığım formasında həyata keçirilməkdədir. İşləyənlərin ayırdığı vəsaitlər pensiya alanlara verilir. Biz gələcəkdə pensiya yaşının azalmasını istəyiriksə, bu məsələlərdə şəffaflığı qorumalıyıq. Hesab edirəm ki, pensiya məbləğini artırandan sonra bu sahədə kompleks tədbirlər planı həyata keçirməyə ehtiyac var”.

Qeyd edək ki, bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib ki, ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir:


“Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək 30 yaşından pensiya olacaq, lakin bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı