“Zəfərlə meydana gələn yeni ideoloji hədəflər: Zahid Orucun mövqeyi”

“Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi”

Zahid Oruc

Tanınmış görkəmli ictimai-siyasi xadim Zahid Oruc uzun illərdir ictimai-siyasi xadim və dövlət adamı kimi Azərbaycan dövlətçiliyinə mühüm töhfələr verib. Həm rəhbər, həm, ziyalı, həm ictimai siyasi xadim kimi tanıyıb hörmət etdiyim Zahid Orucun gördüyümüz işlərdə, qazandığımız uğurlarda çox böyük əməyi və zəhməti var.

Zahid Oruc “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildinin və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlanan II cildinin ərsəyə gəlməsində ölkələrdə və bölgələrdə tədqiqat işlərinin aparılmasında böyük köməklik və fədakarlıq göstərən, tərtibatında, hazırlanmasında tövsiyələr, istiqamətlər verib elmi tədqiqat əsərlərinin işıq üzü görüb Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasına dəstək olub.

Mən bir sosioloq kimi onu ən yüksək insani keyfiyyətləri olan rəhbər və pozitiv insan kimi xarakterizə edirəm. Zahid Oruc hər bir əməkdaşının uğur qazanmasını ən çox istəyən, onları dövlətə töhfə verməyə motivasiya edən insandır. Çünki o, mənim də əməkdaşı olduğum az tərkibli kollektivlə 2019-cu ildə yaradılan Sosial Tədqiqat Mərkəzinə rəhbərlik edərək oranı qısa müddət ərzində Azərbaycanın aparıcı tədqiqat və beyin Mərkəzinə çevirdi. Gördüyü işlərlə, xarici ölkələrin aparıcı tədqiqat mərkəzləri ilə imzaladığı memorandum və əməkdaşlıq sənədləri ilə regionda və dünyada tanınmasını təmin etdi.

Qərbi Azərbaycan məsələsi hər zaman Zahid Orucun diqqətində olub. Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycan mövzusunda çox sayda müxtəlif istiqamətdə sənədlər, tədqiqat və sorğu layihələri hazırlayıb dövlətə təqdim edib. Qərbi Azərbaycandan deportasiyaya məruz qalan sadə bir ailənin nümayəndəsi olan Zahid Orucun rəhbərliyində STM-də Qərbi Azərbaycanın maddi-mədəni irsinin geniş tədqiq edilməsi istiqamətində tarixi əhəmiyyətli böyük işlər görülüb. Zahid Orucun ideya müəllifliyi və rəhbərliyi ilə, Əfqan Vəliyevin müəllifliyində bu günə qədər haqqında az məlumat olan və yaxud da heç bir məlumat olmayan II cilddə Qərbi Azərbaycana aid 388 maddi-mədəni irs nümunəsi tədqiq edilib.

"Vətən müharibəsindəki tarixi qələbəmiz son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köç edən insanların öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş şansı yaradıb. Əminliklə söyləmək olar ki, 8 noyabrda azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını da açacaqdır. Xüsusi vurğulayaq ki, 1988-ci ildən sonra dövlətimizin elan etdiyi siyasi kursun əsas hədəfləri ilk dəfədir ki, Azərbaycanın rəsmi ərazisi ilə məhdudlaşmır, sərhədlərimizi aşır. Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələri-dövlət hakimiyyəti və vətəndaş birlikləri, elmi və siyasi institutları, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı, müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Göründüyü kimi, yalnız hakimiyyətin, ayrıca partiyaların, hərəkatların, sosial qrupların deyil, bütövlükdə millətimizin yeni siyasi gündəliyi formalaşır. Əlbəttə, əgər 44 günlük müqəddəs müharibədə parlaq Zəfərimiz olmasaydı, yeni ideoloji hədəflər-Qayıdış hərəkatı ətrafında da birləşmək mümkün olmazdı", - "Qərbi Azərbaycana dinc və hüquqi qayıdış" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanlıların e.ə 200 yüzildən Qərbi Azərbaycan ərazisində yaşadığını təsdiq edən tarixi sənədlərlə yanaşı azərbaycanlılara aid maddi-mədəni irs nümunələri də təsdiq edir. 1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay və 1920-ci il İrəvan və Zəngəzur, Naxçıvanın Azərbaycandan ayrı salınması, 1990-93-cü illərdə Qarabağ torpaqlarının itirilməsi silsiləsinə son qoyması ilə yeni tarixin yazılması bu proseslərin başlanğıcıdır. Tarixi ədalətsizlik dedikdə 200 ildən artıq Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda çarizm, sovetlər və ermənilərin etnik təmizləmə və soyqırımları nəticəsində yaşadığı fəlakətlər ön sırada durur. Nəticədə, həyatını itirən yüz minlərlə insanla yanaşı, qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli simaları da məhv edilib. Azərbaycanlılara aid toponimlər dəyişdirilib. Nəhayət, 1987-1991-ci illərdə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər bir coğrafiyada tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər. 1905–1907, 1918–1920, 1948–1953, 1959–1979 və 1987–1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb. 1987–1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40.928 ailə) 300.000-dən çox azərbaycanlı tarixən yaşadıqları ərazilərdən zorla çıxarılıb, bir hissəsi qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar. Hazırda Ermənistan ərazilərində azərbaycanlı yaşamır.

Türkiyəyə, İrana, Rusiyaya və Avropa ölkələrinə səpələnən azərbaycanlıların köçkünlük coğrafiyası çox genişdir. Müstəqillik tarixini yaradan Ulu öndər dövlət səviyyəsində tarixi yaddaşı önə çəkərək, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. Ulu öndər özü şəxsən Komissiyaya rəhbərlik edib.

Ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq hazırlanmış və Zahid Orucunda layihə direktoru olduğu institusional əsər olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabını 4 iyul 2022-ci ildə Azərbaycan ictimaiyyətinə təqdim edildi.

“Vətən müharibəsində əldə edilən tarixi qələbə xalqımızın müqəddəratının yeni mərhələsi zəminində geniş üfüqlər açdı. 44 günlük savaşda qazanılan qələbə və nailiyyətlər dövlətimizin yeni milli hədəflərə yönəlmək üçün inşa etdiyi Qarabağdan – Zəngəzura uzanan Böyük Qayıdış planının bir hissəsi olan Böyük Qayıdış yolu keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradaraq, İrəvan, Zəngəzur, Göyçə və bütün tarixi torpaqlarla bağlı şüurlarda olan çoxəsrlik qan yaddaşını geri qaytardı. Milli şüurdakı oyanış babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüş yolunu təmin etməklə, bir milləti bütövlüyünə qovuşduracaq siyasi ideologiya ilə yanaşı, mədəni-mənəvi intibahın yeni mərhələsinin də əsasını təşkil edən milli hədəfə çevrildi” bu fikirləri Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabını 4 iyul 2022-ci ildə keçirilən təqdimat mərasimində Zahid Oruc səsləndirib.

Zahid Oruc Qərbi Azərbaycanın maddi-mədəni irsi və onun tədqiqinə əhəmiyyət verərək bu fikirləri ifadə edib: “Sosial Tədqiqatlar Mərkəzinin ərsəyə gətirdiyi Qərbi Azərbaycan mövzusunda iki əsəri tarixi yaddaşı oyatması və keçmişlə rabitə qurması, dövlətimizin beynəlxalq mənafelərini qoruması baxımından bizim doğma torpaqlara dönüş yolumuzu yaxınlaşdırır. Yüzilliklər ötdükcə maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin yaşadığı torpağa mənsubluğunu göstərən pasporta, kadastr aktına çevrilir. Qayıdış yalnız azad torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni köklərə, dəyərlərə, ənənələrə, əcdadların irsinə və yaratdıqları mirasa, bir sözlə öz varlığına və kimliyinə sahib çıxmaq deməkdir. Beləliklə, İrəvan, Göyçə, Zəngəzur milli ideyaya çevrilir. Tarixi yaddaş bərpa olunur. Tarixi qələbə müqəddəratımızın təyini haqda yeni strategiyalar və hədəflər müəyyən etməklə yanaşı, həm də keçmişimizə həssas münasibət, onu yenidən qiymətləndirmə fürsətləri və çoxəsrlik tarixi maddi-mədəni-mənəvi irsi yenidən və daha dərindən tədqiq etmək öhdəliyini qoydu. Təqdim etdiyimiz tədqiqat əsərləri təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarır, ruhi və fiziki kimliyini milli tariximizin yaddaşını yenidən bərpa edir”.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində səsləndirdiyi strateji xətti əsas götürərək "Azərbaycan müstəqilliyin bərpasının 32-ci ilində Böyük Qayıdış idealı ətrafında toplana bilib. Qələbəmiz bütün tarixi dövrlərdə köçkün düşən insanların öz köklərinə, əcdadlarına, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş ruhunu oyadıb. Millətimizin yeni hədəfləri ilk dəfədir, vətənin sərhədlərini aşır. Lakin Prezident Qərbi Azərbaycana qayıdışı Silahlı Qüvvələrin qarşısında deyil, alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəni və siyasi məfkurəni hazırlayan qurumların, qalib gəncliyin və uşaqların qarşısında irəli sürür” sözlərinə yer verən Zahid Orucun rəhbərliyində və Əfqan Vəliyevin müəllifliyində dərin və gərgin tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının II cildi“ Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabı hazırlanıb 6.noyabr 2023-cü ildə böyük konfrans və təqdimat tədbiri ilə ictimaiyyətə təqdim edildi.

Zahid Orucun rəhbərliyində STM tərəfindən keçirilən “Dağları aşarkən:tarixə doğru irəli” elmi praktiki konfransı və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimat tədbirində moderator eyni zamanda da çıxışçı olan Zahid Oruca görə; “Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü il Ulu öndərin 100 illik yubileyi ilə üst-üstə düşür. Heydər Əliyevin bənzərsiz tərcümeyi-halı, keçdiyi şərəfli yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi nəinki qərbi, bütün azərbaycanlıların son bir əsrlik taleyi ilə eynidir. Lakin “Böyük Qayıdış” əslində Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır və Qələbəmizin birinci müəllifi də Odur. 8 noyabrda gözlənilən Zəfər paradının Xakəndi-Şuşa zirvəsinə çatması və təntənəli keçidi Silahlı Qüvvələrimizin haqqıdırsa, Azərbaycanın çarizm, sovet və müstəqillik tarixində heç bir liderə müyəssər olmayan missiyadırsa, Ulu öndər Heydər Əliyevin ikinci arzusunun Göyçəyə, Zəngəzura, İrəvana qayıdışın da reallaşacağına inanırıq. Lakin dinc yolla, silahsız və sülhü qazanaraq...”

Qərbi Azərbaycana qayıdışın siyasi-ideoloji hədəfləri Zahid Orucun mövzu ilə əlaqəli fikirlərində daha aydın ifadə olunur. Zahid Oruca görə: “Tarixi torpaqlara qayıdış çağırışı əsla “Rusiya, İran, Gürcüstan və Ermənistan ərazilərində tarixi torpaqlarımız qalıb, qonşu dövlətlərə hücum və ərazi iddiaları edək” deyil, könül və siyasi coğrafiyamızın 86.6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə çatdıran, tarixi yaddaşı diri və canlı tutan sülhpərvər strateji proqramdır. Biz heç bir dövlətə ərazi iddiası etmirik. Zahid Oruca görə; son bir əsrdə və xüsusilə müstəqillikdən sonra Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir. Ona görə də ən mühüm vəzifə təkcə elitanı deyil, hər bir azərbaycanlını böyük tarixi ideallara hazırlamaqdır. Son iki yüz ildə ən azı 7 dəfə fərdi və milli sərvətlərimiz yağmalanıb. Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımından daha varlı və nüfuzludur.

“Göyçə Qərbi Azərbaycanın Şuşasıdır”. Qarabağ konflikti İrəvandan başlandı, orada da bitəcək. Berlin divarının çökdüyü kimi Bakı və İrəvanın mədəni, mənəvi, iqtisadi, ticarət bağları bərpa olunacaq, beyinlərə çəkilən sədd aradan qalxacaq. O üzdən fikir adamlarımız Bakı və İrəvanı düşmən termin kimi işlətməsələri siyasi mübarizəmizə daha böyük töhfə olar.

Zahid Orucun rəhbərliyində və təşkilatçılığında 22.09.2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzi və "Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyi”nin birgə təşkilatşılığı ilə Sosial Tədqiqatlar Mərkəzinin Zəfər zalında “Qərbi Azərbaycana aparan yol" adlı elmi-praktiki konfrans, 20 noyabr 2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzində Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qərbi Azərbaycana həsr olunmuş "Dağlarda obam qaldı" adlı elmi-praktiki konfrans, 15.11.2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının birgə təşkil etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz” adlı elmi praktiki konfrans, 28.12.2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzində "Qərbi Azərbaycan yolunda" mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə çıxış edən Zahid Oruc çıxışı zamanı qeyd edib ki, “Qarabağ Zəfəri ilə başlayan Böyük qayıdış bütün tarixi torpaqlara, mədəni dəyərlərə, milli kimliyə dönüşün da hərəkətverici qüvvəsinə çevrildiyi üçün Qərbi Azərbaycanla bağlı 2023-cü ildə həyata keçirilən genişmiqyaslı tədbirlər özünün əhatə dairəsi, coğrafiyası, elmi və siyasi sambalı, hədəfləri və beynəlxalq gündəliyə çıxmağı bacarması ilə son dərəcə uğurlu sayıla bilər. Sosial Tədqiqatlar Mərkəzi statusuna uyğun olaraq, bir-birindən zəngin elmi əsərləri, tarixin dərinliyinə gedən araşdırma və görüşləri, mühüm təqdimatları ilə dövlətimizin strateji xəttinə mühüm töhfələr verə bildi”.

Nəhayət sonda dünya düzəni, daha doğrusu xaosu fonunda Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıq sülhə daha çox zəmanət verir. Canlı yayımla izlənən Qəzza savaşına BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamentinin seyrçi qalması, qərarsız toplantıları beynəlxalq təhlükəsizlik sisteminin iflasını göstərir. Tarixdə ilk dəfədir, Azərbaycan taleyini özü həll edir. Zahid Oruc Qərbi Azərbaycana sülhlə qayıdacağıq deyərək, Böyük qayıdış haqda fikirlərini belə ifadə edib: “Biz Göyçəyə Qarabağdan qayıdacağıq. İrəvana gedən yollar işğaldan azaddır. Ona görə də hər bir azərbaycanlı deyir:

Biz bir daha köçkün düşməyəcəyik!

Biz bir daha qaçqına çevrilməyəcəyik!

Biz bir daha işğala və torpaq itkisinə məruz qalmayacağıq!

Qələbəmiz davamlı və əbədi olacaqdır!"

Hörmətli Zahid Oruca Prezident seçkilərində uğurlar arzulayır, Zəfər istehkamlarının daha da möhkəmləndirilməsi, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi uğruna çıxdığı yolda müvəffəqiyyətlər arzulayıram!

Əfqan Vəliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı