"Valideynlər dərs proqramlarının ağırlığı ilə bağlı müraciət etsələr də, cavabını tapa bilmirlər. Xüsusilə də bu problem I və II siniflərə aiddir. Bu məsələyə baxan yoxdur. Bu nə qədər belə olacaq?!"
Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Rauf Əliyev deyib.
"Valideynlər şikayət edirlər ki, işdən gəlirlər, uşaqlarla birgə dərs hazırlayırlar. Bu, məsələ öz həllini tapmalıdır. Təklif edirəm ki, parlamentin Elm və Təhsil Komitəsi ilə birgə dinləmə keçirək və görək ki, bu problemin kökü haradadır".
Mövzu ilə bağlı Metbuat.az-a danışan Təhsil eksperti Kamran Əsədov deputatın fikirlərini təsdiqləyərək bildiribki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil.
"Hal-hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək, 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. ÇünkI, onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər".
Kamran Əsədov hesab edir ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər.
"Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s.
Əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var"
Ekspert onu da vurğulayıb ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır.
"Onlar bunu düşünür ki, kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonda hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır. Hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki, dərsliklər kifayət qədər ağır yazılıb".
"Xüsusilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir", - Kamran Əsədov qeyd edib.