Pakistan-İran gərginliyi Azərbaycana təsir edə bilər? - AÇIQLAMA

Yanvarın 16-da İranın Pakistana raket hücumu nəticəsində iki uşağın ölümü və üç nəfərin yaralanmasından sonra Pakistan və İran arasında diplomatik əlaqələr pozulub.

Bundan sonra Yanvarın 18-də İslamabad Tehranın raket hücumuna cavab olaraq İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərində terrorçuların mövqeyinə zərbələr endirib.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Metbuat.az-a Yaxın Şərqdə baş verən silahlı qarşıdurma fonunda iki İslam Respublikası arasındakı vəziyyət barədə danışıb. Analitik bildirib ki, İsraillə HƏMAS arasında gərginlik bölgə ölkələrini də münaqişəyə cəlb edir:

“Biz bunun simptomlarını çoxdan görmüşdük. Suriya, İraq, Livan, Hizbullah və indi də İranla Pakistan arasında yaranan məsələ, artıq adları sadalanan ölkələr arasında ən böyük və geniş münaqişələrdən biri ola bilər. İran üçün ağır olan prosesdə Tehran hakimiyyəti, daxilində ciddi təzyiqlərlə üz-üzə qalıb. İranın Kirman şəhərində törədilən terror hadisəsinə cavab olaraq SEPAH-ın Pakistan ərazisinə raket atmaq cəhdi “Mossad-ın qərargahına raket atıram”,- deməklə yekunlaşmır. Ehtimallara görə, hadisələrin pik həddə çıxmasına iki ölkə arasında məzhəb fərqi də təsir edir. Hər iki dövlət regionda liderlik uğrundan cəhdlər edirlər.

Xaricdəki təsir qüvvələri də prosesdə qızışdırıcı mövqedən çıxış edir. İki dövlət bir-biri ilə münaqişədə, terrorçuları məhv etməyi hədəf qoyduqlarını desələr də, hesab edirəm ki, onlar eyni zamanda regionda liderlik uğrunda məqsədə çatmaq barədə də düşünürlər. Bu addım yanlışdır. Ümumiyyətlə, münaqişə genişlənərsə, çox ciddi nəticələri olacaq”.

Baş verən gərginlikdə Qərbin “barmağı” olduğu iddialarına münasibət bildirən analitik vurğulayıb ki, onların İranı münaqişəyə cəlb etməkdə maraqları var:

“Həm İran, həm Pakistan, İsrailin HƏMAS-a qarşı hərbi təcavüzünə çox kəskin reaksiya verən dövlətlərdəndir. İran bəllidir, müxtəlif proksi qüvvələr vasitəsilə İsrailə qarşı hücumlar təşkil etdirib. Güclü müsəlman ölkələrindən biri olan Pakistan da İsrailin Fələstinə qarşı davranışlarını sərt şəkildə tənqid edən dövlətdir. Ehtimal olunan variantlardan biri də odur ki, iki ölkənin dünyadakı müttəfiqləri onların hər ikisini zəiflətmək üçün belə bir münaqişəyə cəlb edirlər.”

İranın münaqişəyə cəlb edilməsinin Azərbaycana təsirləri barədə danışan siyasətçinin fikirlərinə görə, tərəflər arasında hərbi toqquşma, müharibə vəziyyəti, ölkəmizə ciddi təsir edə bilər:

“İran bizim qonşumuzdu, bu dövlətlə böyük quru sərhəddimiz var. İranda çox böyük azərbaycanlı toplumu yaşayır. Pakistan da bizim strateji müttəfiqimizdir. İranın hərbi proseslərə cəlb edilməsi Azərbaycana təsirsiz ötüşməyəcək. İki ölkə arasında olan ticarət, iqtisadi və digər münasibətlər ziyan görə bilər. Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlardakı rəhbər mövqeyindən istifadə edərək Türkiyə ilə birlikdə iki dövlət arasında olan münasibətlərin normallaşmasına töhfə verə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı