"Zəngəzur dəhlizi Qərbin də, Rusiyanın da marağındadır" - Siyasi şərhçi

"Zəngəzur dəhlizi layihəsi Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə ən çətin və mürəkkəb istiqamətlərdən birini təşkil edir. Bununla əlaqədar yanaşmalardakı fərqlilik yekun sülh müqaviləsinin nəticə əsaslı yollarına maneələr törədir".

Bunu Metbuat.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. O bildirib ki, Azərbaycan strateji niyyət və məramını genişləndirir:

"Bunun fonunda Ermənistan özünə himayədar axtararaq regionun təhlükəsizlik sistemini dağıda biləcək tezisləri gündəmdən çıxarmır. Ermənistandan qeyri-müəyyən siqnalların gəlməsi ilə onun silahlanması arasında düz mütənasiblik var ki, Azərbaycan bunu Zəngəzur dəhlizi ilə bağlı strategiyasının həyata keçirilməsinə qarşı cəbhə kimi qiymətləndirir. Azərbaycan həmin cəbhənin “xətlərini” yarmaq üçün təbii ki, müdafiə qabiliyyəti ilə strateji həmlə bacarıqlarını paralel şəkildə inkişaf etdirir. Bu inkişafdan yalnız Bakının strateji müttəfiqi olan Türkiyə məmnundur, digər oyunçular isə Azərbaycanın planlarına ehtiyatlı tərəfdaşlıq qismində yanaşmağın tərəfdarıdırlar".

Aqşin Kərimov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Qərbin də, Rusiyanın da, Çinin də maraqlarındakı çərçivələrə cavab verir:

"Buna görə də, onlar Azərbaycanla əlaqədar siyasətlərini yeniləyirlər, lakin dəhlizə nəzarət uğrundakı rəqabət prosesə bir qədər fərqli rəng verir. Azərbaycan tünd rənglərə adekvat cavab verməkdən ötrü təhlükəsizlik yastığını bərkitməyi, gücünü və oyunçuluq qabiliyyətini yeniləməyi qarşıya hədəf qoymaqda haqlı davranır. Bu qətiyyət qlobal və regional aktorları Bakı ilə hesablaşmağa vadar edir. Azərbaycan belə situasiyada Ermənistanla münasibətlərdə tərəddüdlər içərisində qalan oyunçularla məharətlə tərəfdaşlıq prioritetlərini inkişaf etdirəcək".

Siyasi şərhçi vurğulayıb ki, nəticələrin hansı yolla hasil ediləcəyi daha çox Ermənistanın siyasi iradəsindən asılıdır, əgər İrəvan konstruktiv mövqe xətti üzərində qalmağı seçsə, onda dinc yolla mübahisələrə son qoyulacaq. Əks təqdirdə isə prosesdə Azərbaycanın strateji və taktiki həmlələri ön plana çıxacaq.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı