​Azərbaycan kosmik bilik məhsullarının ixracına başladı - FOTO

Artıq kosmosda orbital mövqeyə malik olan Azərbaycan beynəlxalq kosmik bazarda təkcə peyk xidmətlərini deyil, həm də qazandığı bilik və təcrübəni kommersiyalaşdırır.

Metbuat.az xəbər verir ki, Azərkosmos özünün intellektual məhsulu olan radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreyn Krallığının “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edib.

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərkosmos radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.

Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur. İstənilən növ radiotezlik xidmətlərində tezlik resurslarının məqsədli istifadəsi və koordinasiyasının aparılması Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiq edilmiş qanunvericilik çərçivəsində tənzimlənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı