“Gənclər günü ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Məhz onun hakimiyyəti dövründə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər Günü elan edilib. Ulu öndər Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyub və bu gün də bu siyasət cənab Prezident tərəfindən uğurla davam etdirilir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı söyləyib.
O bildirib ki, bu siyasətin mahiyyətində Azərbaycan gəncliyinin milli mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə bağlı, amma eyni zamanda dünyadakı rəqabətə tab gətirəcək qədər intellektual, mobil qüvvə kimi görmək istəyi dayanıb:
“Biz bu siyasətin ən gözəl məntiqi nəticəsini 44 günlük Vətən müharibəsində gördük. Azərbaycan gəncliyi vətənpərvərlik nümayiş etdirib həm ön cəbhədə əsgər kimi əli silahlı, həm də arxa cəbhədə öz intellekti ilə informasiya savaşının döyüşçüsü kimi düşmənə qarşı mübarizə apardı.
Bu gün Azərbaycan gəncliyi hakimiyyətin müxtəlif qollarında Azərbaycan dövlətinin inkişafı üçün çalışır. Məhkəmə hakimiyyətində, qanunverici hakimiyyət, icra orqanlarında və müxtəlif orqanlarda biz gənc nəslin nümayəndələrini görürük. Azərbaycan gəncləri dünyanın nüfuzlu idman, mədəniyyət yarışlarında iştirak edir. Onlar ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu gün Azərbaycan gəncliyi xaricdəki Azərbaycan diasporunun ən mobil və ən avanqard hissəsini təşkil edir.Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün həyatın bütün sahələrində çox mühüm bir missiyanı yerinə yetirir”.
Millət vəkili Cavid Osmanov Metbuat.az-a açıqlamasında xatırlatdı ki, gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident cənab İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb. Fond qarşısında gənclər siyasəti ilə bağlı bir çox sahələr üzrə öhdəliklərin olduğunu qeyd edən Cavid Osmanov qeyd edib ki,burada beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulmuşdur:
“Ölkə başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar cənab Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır”.
Gülbəniz Hüseynli / Metbuat.az