Bu kriptovalyutaların qiyməti artacaq - ekspert

“Kriptovalyuta bazarında son 1 həftə ərzində yüksək volatillik müşahidə olunmaqdadır. Yanvar ayının əvvəlində ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası tərəfindən “spot bitcoin ETF”-in təsdiq edilməsi ilə əlaqədar olaraq bitkoinin qiyməti 48.960 dollara qədər dəyər qazanmışdı. Hazırda isə 43.000 dollar ətrafında ticarət edilir. Hazırda qiymətlərə təsir edən əsas “oyunçu” ABŞ Federal Ehtiyatlar Sistemidir (FRS). FRS-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki uçot faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitcoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur”.

Bunu Metbuat.az-a açıqlamasında maliyyə və kriptovalyutalar üzrə ekspert Elnur Quliyev deyib. Onun sözlərinə görə, “spot bitcoin ETF”-nin təsdiq edilməsi kriptovalyuta bazarına iri investisiya fondları tərəfindən kapital axınına səbəb olacaq və bu, kriptovalyutaların dəyərinin qalxmasına birbaşa təsir edəcək:

“Növbəti “kripto ralli”-də ethereum, polkadot, matic, chainlink, agix, enjin coin, iotex, flow, doge, sand kimi prespektivi olan kriptovalyutalar dəyər qazanacaq. Ola bilsin ki, qısamüddətli mövqedə qiymətlərdə yenidən müəyyən korreksiya müşahidə etdik. Növbəti “bitkoin rallisi”-dən qabaq “kripto balinalar” bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətlə toplamaq istəyəcək. Bununla belə bitkoinin qiymətinin 32.000 dollardan aşağı düşməsinə inanmıram, çünki bu qiymətdə çox güclü dəstək var. Amma üzünmüddətli mövqedə rəqəmsal aktivlərin qiymətlərinin yüksəlməsini müşahidə edəcəyik”.

Ekspert həmçinin qeyd edib ki, kriptovalyutalar yüksək riskli investisiya hesab edilir:

“Təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə səbrli olub gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın bitkoin və digər rəqəmsal aktivlərə itirməyi gözə aldığınız məbləğdə investisiya edin”.

Seyranə Quliyeva / Metbuat az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı