"Kənd qadınları seçkiyə yüksək əhval-ruhiyyə ilə hazırlaşır" - Gülbəniz Qənbərova

Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) regionlarda kənd təsərrüfatı ilə məşğul olan qadınların inkişaf meyillərini dəstəkləmək, ucqar kəndlərdə yaşayan qadınların rifahını yaxşılaşdırmaq istiqamətində bir çox mühüm işlər görürlər.

Assosiasiya tərəfindən 7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkiləri ərəfəsində regionlarda yaşayan qadınların maariflənməsi istiqamətində də bir çox addımlar atılıb.

Bu barədə Metbuat.az-a açıqlama verən Azərbaycan Kənd Qadınları Assosasiyası Ictimai Birliyinin sədri Gülbəniz Qənbərova bildirib ki, regionlarda fəaliyyət göstərən seçki məntəqələrinə assosiasiya üzvlərindən 36 nəfər cəlb edilib:

“Assosasiyanın üzvləri, qadınlar arasında seçkinin iştiraklı və şəffaf keçməsi üçün kənd əhalisini səfərbər etməklə seçkiyə dəstək vermiş olacaq. Bir çox rayonlarda qadınlar öz folklor qrupları ilə seçki məntəqələrinə yaxın ərazilərdə şənlik təşkil etməklə seçkiyə rəng qatmağa hazırlaşırlar.

Məsələn, kəndlərdə hansı qadın qrupları varsa, o qadın qruplarının üzvləri kənd əhali arasında əhalini seçkiyə cəlb etməklə bağlı təbliğat aparırlar. Müşahidələrimizə əsasən deyə bilərəm ki, artıq seçimin kim olacağı bəllidir. Hamılıqla Ali Baş Komandan müzəffər Prezidentimiz İlham Əliyevə səs verəcəyik”.

Gülbəniz Qənbərovanın sözlərinə görə, təşkilatın 800 üzvü öz ailəsi, yaşadığı kəndi və hətta rayonu səviyyəsində Prezident Seçkilərinə hazırlıq prosesində iştirak edir.

“Mütəmadi olaraq ZOOM görüşləri təşkil olunur, assosiasiya üzvlərinin seçkilərə hazırlıq prosesinə olan töhfəsi müzakirə edilir. Hesab edirəm ki, hər birimiz seçki hüququndan istifadə edib, bunu bunu evdə oturub düşünərək deyil, seçki məntəqələrinə gedib səs verməklə ifadə etməliyik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı