Gürcüstan mediası prezident seçkilərindən yazdı

Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, Gürcüstanın geniş oxucu kütləsinə malik “interpressnews.ge”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı, “marneulifm.ge” radiosu səsvermənin başlaması ilə bağlı məlumatlar yayıblar. Azərbaycan, gürcü, rus və ingilis dillərində dərc olunan materiallarda əsasən səsvermənin başlaması barədə məlumat verilib. Eyni zamanda, seçkilərin ilk dəfə müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb.

Qeyd olunub ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən doqquzuncu seçkidir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Ölkədə 6319-u daimi, 218-i müvəqqəti olmaqla 6537 seçki məntəqəsi yaradılıb. Seçki məntəqələrinin 26-sı azad olunmuş ərazilərdədir. Seçkilərdə iştirak etmək üçün 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçkiləri 90 minə yaxın müşahidəçi izləyir. Onlardan 790-u 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçilərdir. Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə yaradılan 49 seçki məntəqəsində 23 mindən çox Azərbaycan vətəndaşı səs verəcək. Azərbaycan ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı