“Prezidentin Türkiyə səfəri münasibətləri daha da dərinləşdirəcək” - Siyasi ekspert

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gəlib.

Prezidentin seçkidə qalib gəldikdən sonra ilk xarici səfərinin Türkiyəyə olması həm simvolik, həm də adətən strateji münasibətin əksi kimi qiymətləndirilir.

Bu barədə Metbuat.az-a açıqlama verən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, bu səfər iki ölkə arasında həm qardaşlıq, həm də strateji müttəfiqlik ənənəsidir:


“Bu, iki dövlət arasında münasibətlərdə yüksək inkişafın göstəricisidir. Bildiyimiz kimi, Azərbaycanla Türkiyə strateji müttəfiqdir və bu, Şuşa bəyannaməsi imzalanandan sonra növbəti bir üst səviyyədə olan mərhələyə daxil oldu. Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıq edirlər. İki dövlət arasında siyasi, iqtisadi, mədəniyyət, enerji, təhsil, elm, səhiyyə və s, sahələr üzrə qarşılıqlı münasibətlər mövcuddur. Düşünürəm ki, prezidentin bu səfəri əlaqələrin növbəti üst mərhələyə çıxarılmasına gətirib çıxaracaqdır”.

Siyasi şərhçi vurğulayıb ki, səfər çərçivəsində bir çox sahələrdə münasibətlərin daha da genişləndirilməsinə hədəflənmiş addımların atılması gözlənilir. Ekspert qeyd edib ki, bu, ikitərəfli münasibətlərin daha da dərinləşməsinə təkan verəcək:

“Vacib məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində Türk Dövlətləri Təşkilatının inkişafı, perspektivləri ilə bağlı etdiyi açıqlamalar oldu. Hesab edirəm ki, səfər çərçivəsində bu məsələlər gündəmdə olacaq. Düşünürəm ki, iki lider arasında baş tutacaq müzakirələrdə münasibətlərin strateji xarakterinin gələcəyə doğru daha da dərinləşməsi diqqət mərkəzində olacaq”.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq. Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca isə geniştərkibli görüş olacaq. Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı