Üçüncü dünya müharibəsi başlayır? - Türkiyə qərar verməli olacaq

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib.

Nazir xatırladıb ki, ikinci Pearl Harbor anını gözləyə bilmərik. Q.Landsberqis Qərbi Rusiyanın hücumuna məruz qalan Ukraynaya daha çox hərbi yardım göstərilməyə və xüsusən də uzaq mənzilli “Taurus” qanadlı raketlərinin tədarükünə çağırıb.

Vəziyyət barədə Metbuat.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, son vaxtlar Qərb, NATO rəsmiləri, NATO-nun baş katibi Yens Soltenberq və başqaları Rusiya NATO ehtimal olunan müharibəsindən böyük həvəslə danışırlar.

“Rusiya deyir ki, bizim elə bir niyyətimiz yoxdur, biz bundan çəkinirik. NATO-nun Rusiya ilə müharibəyə hazırlaşması ilə bağlı edilən bəyanatların ictimai şüuru hazırlamağa çalışdığını da istisna etmirəm.Ukraynadakı müharibə də NATO-nun təhriklərindən sonra başladı.

NATO-nun genişlənmək ambisiyası, Ukraynanın alyansa daxil olması ilə bağlı açıqlamaları, nəticədə Rusiyanın imperialist davranışını tətiklədi. Əlbəttə, Rusiya da qoymaz ki, NATO onun sərhəddinə qədər gəlsin. Düşünürəm ki, NATO uyğun bildiyi bir vaxtda Rusiyanın qonşusu olan ölkələrdə -Estoniyada, Latviyada oxşar prosesi başlada bilər. Bunun nəticəsində də NATO-Rusiya müharibəsi başlayacaq. Qərb də deyəcək ki, Rusiya NATO-ya müharibə elan etdi, hərçənd NATO Rusiyanı müharibəyə çəkmiş olacaq”.

Analitik qeyd edib ki, ehtimal olunan müharibə ilə bağlı iki variant var:

“Birinci ehtimal odur ki, NATO buna lap çoxdan hazırlaşırdı, Ukraynanın əli ilə Rusiyanı mümkün qədər zəiflədərək, daha sonra müharibəyə cəlb etməyi planlaşdırırdı. İkinci odur ki, NATO anladı ki, bilavasitə Ukraynanın əli ilə Rusiyanı çökdürmək mümkün deyil, ona görə qərara aldı ki, özü müharibəyə başlasın. Bu barədə əminliklə danışmaq mümkün görünməsə də, hesab edirəm ki, NATO-Rusiya müharibəsi başlaya bilər. Əgər NATO-Rusiya müharibəsi başlayarsa, NATO daxilindəki müəyyən ölkələr kənarda qalacaq.

İlkin mərhələdə Türkiyə və Yunanıstan bu savaşa qoşulmayacaq. Amma ümumi mənada ayrı-ayrı ölkələr NATO daxilində müharibəyə başlayacaq. Bundan sonra Türkiyə kimi Rusiya ilə münasibətdə olan ölkələr qərar verməli olacaqlar. Onlar ya NATO-dan çıxacaq, ya da alyansın beşinci maddəsinə görə, Rusiyaya qarşı müharibə elan etməlidir. Artıq bundan sonra Türkiyənin buna gedib-getməyəcəyi müzakirə mövzusudur. Hazırda isə proses elə NATO-Rusiya müharibəsinə doğru gedir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı