Moskvada məni erməninin nəzarətinə verdilər - Kamil Zeynallı

"Moskvada saxlanıldığım bölmədə mənə nəzarət edən polis erməni idi".

Metbuat.az-ın məlumatına görə, bunu Moskvada ermənilərin sifarişi ilə saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Azərbaycana qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, polis bölməsində ona psixoloji təzyiqlər edilib:

"Hər şeyi danışmaq da olmur. Biz iki dövlət, düşmənik də. Siyasi prinsiplər var. Ağlıma 50 fikir gəlirdi ki, bəlkə məni Bakıdakı ermənilərlə dəyişmək istəyirlər. Məni orada erməni polisin nəzarətinə verdilər. O da mənə təzyiqlər edirdi. Sağ olsun dövlətimiz, əgər müdaxilə etməsəydilər, məni həbsə göndərəcəkdilər.

Orda saxlanılanda iki dəqiqəlik vaxt tapdım, gördüm polislər dağılışdı, tez o videonu çəkdim. Yaxşı ki, videonu çəkdim. Çünki o videodan sonra hamıya xəbər çatdı. Ona qədər hipnoz vəziyyətdə oturmuşdum, düşünürdüm ki, həbsə gedirəm. Orada mənə nəzarət edən prokuror var idi. O, telefonda danışdı və mənə dedi ki, səni Ermənistana göndəririk. Əgər dövlətimiz müdaxilə etməsəydi, məni Ermənistana göndərirdilər, bilet-zad alırdılar. Erməni əsilli həmin polis də məni telefondan istifadə etməyə qoymurdu, təzyiq edirdi".

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı fevralın 21-də gecə saatlarında Bakıya qayıdarkən, Moskvada hava limanında saxlanılıb. Məlum olub ki, azərbaycanlı məşqçi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilib.

Azərbaycan dövlətinin müdaxiləsindən sonra K. Zeynallı sərbəst buraxılaraq Bakıya yola salınıb.

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı