AŞPA-nın Azərbaycana dair qərarı necə olacaq? - AÇIQLAMA

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏTPA) da Azərbaycanla bağlı AŞPA-ya müraciət edib.

Metbuat.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qurumun vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasis AŞPA prezidenti Teodoros Rusopulosa QDİƏTPA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar.

Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun bərpa ediləcəyinə ümidlərini ifadə ediblər.

Hazırda gündəmdə olan məsələlərdən biri də AŞPA-nın bu müraciətlərdən sonra Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı düzəlişlərin edilib, edilməməsidir.

Bu barədə Metbuat.az-a açıqlama verən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, vəziyyətin bu həddə gəlib çatmasında Avropa Şurası Parlament Assambleyasının xüsusi rolu var:


“Düşünürəm ki, həmin bu parlamentarilərin sifariş aldıqları ünvanlar, o rəsmi şəxslər bu məsələləri həll edə bilərlər. Yetər ki, buna istək olsun. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı səsvermə hüququ bərpa edilməlidir. Yəni əgər bizim səsvermə hüququmuz əlimizdən alınırsa, bizim orada iştirak etməyimizin bir mənası yoxdur. Azərbaycan haqlı olaraq qarşı tərəfin növbəti addımlarını gözləmədən buradakı fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı bu tutumunu düzəltməlidir. Çünki Azərbaycanla Ermənistan arasında hal-hazırda Avropa Birliyinin, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in və sair bu kimi təşkilatların, aparıcı dövlətlərindən olan Almaniyanın, onun kanslerinin təşəbbüskarlığı ilə dövlətlərarası münasibətlərin tənzimlənməsi, sülh sazişinin imzalanması üçün görüşlər gedir. Avropa Şurası Parlament Assambleyası, digər Avropa qurumları da öz ədalətsiz qərarları ilə bu cür görüşlərin, bu cür təşəbbüsləri problem yaradırlar”.

Mübariz Göyüşlü qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına maneçilik törədən AŞPA-nın bu davranışları, onların dünyadakı sülhyaratma imicinə, insan hüquqları, azadlıqları və sair kimi bu pafoslu səsləndirdikləri fikirlərə ziddir:


“Bu nəinki Avropa Şurasının Avropa fəlsəfəsinə, eyni zamanda sülh və barışdan yana olması ilə bağlı düşüncələrinə uyğun deyil. Artıq bir neçə ölkə Avropa Şurası Parlament Assambleyasına bu qərarı dəyişdirməsi üçün geri götürülməsi barədə müraciətlər edib. Hətta ərəb dövlətləri, parlament rəhbəri də müraciət ediblər. Bu qədər müraciətləri də cavabsız qoymaq, etinasız yanaşmaq olmaz.

AŞPA-nın iki müsəlman dövlətindən biri olan Azərbaycan kimi dövləti kənarlaşdırmağa çalışmaq niyyəti, həmin qurumun xristian klubu olması ilə bağlı düşüncələri də gücləndirə bilər. Ona görə bu qərara yenidən baxılması, dəyişdirilməsi lazımdır. Yalnız bundan sonra Azərbaycan da dondurduğu fəaliyyəti bərpa edib, münasibətləri düzəldə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı