"Bu il zəlzələlər çox olacaq, qaçılmazdır" - Seysmoloq

"2024-cü ildə Azərbaycanda hiss edilən zəlzələlər olacaq və bu, qaçılmazdır".

Bunu Metbuat.az-a açıqlamasında dosent, geofizik, seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə, son günlərdə zəlzələlərin olduğu ərazilər eyni tektonik blokda yerləşir:

"Qazaxıstan, İran və Türkiyədə son günlər güclü zəlzələlər oldu. Bütün bu ərazilər nəhəng bir meqa tektonik blokun üzərində yerləşir. Türkiyəni, Azərbaycan daxil olmaqla bütün Qafqazı, Xəzər dənizini, Türkmənistan və Qazaxıstanı əhatə edir. Bu blokun daxilində xırda tektonik plitələr mövcuddur.

Əgər bu nəhəng tektonik blokda hansısa qırılmalar baş verir və zəlzələlər olursa, bu o deməkdir ki, bu meqa blokda olan digər tektonik plitələr də hərəkətdədir. Deməli bunun Azərbaycana da müəyyən dərəcədə təsiri olmalıdır. Əgər qonşu plitələr aktivləşərək bir-biri ilə toqquşurlarsa, Azərbaycan necə sabit qala bilər? Təbii ki, bu, Azərbaycanın da seysmik aktivliyinə təsir göstərəcək".

Seysmoloq bildirib ki, 2024-cü il seysmik cəhətdən çox aktiv il olacaq:

"Nəinki Azərbaycan üçün, hətta dünya miqyasında. Son proseslər göstərir ki, biz buna doğru irəliləyirik və bu, qaçılmazdır. Güclü və dağıdıcı zəlzələləri öncədən təxmin etmək mümkün deyil, lakin hiss olunan zəlzələlər Azərbaycan üçün 2024-cü ildə qaçılmaz olacaq".

Xatırladaq ki, martın 5-də İranda 5,6 bal gücündə, martın 4-də Qazaxıstanda 5 bal gücündə, martın 3-də Türkiyənin Malatya şəhərində 4,4 bal gücündə zəlzələlər olub. Həmçinin 5 martda Çində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı