Hamı tənqid edir, amma izləyir - Bu verilişlər bağlanmalıdırmı?

Azərbaycan televiziya kanallarında yayımlanan sosial verilişlər tez-tez sadə vətəndaşların, ictimai şəxslərin tənqidinə tuş gəlir. Bu proqramlarda reytinq naminə insanların şəxsi həyatının detallarına qədər müzakirə edilməsi, efir etikasına uyğun gəlməyən, məişət səviyyəsində söhbətlərin yayımlanması birmənalı qarşılanmır. Bəs bu proqramların bağlanması problemin həllidirmi?

Mövzu ilə bağlı Metbuat.az-a danışan əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, televiziya proqramında istənilən mövzunu müzakirə etmək olar, amma baxır o mövzuya hansı rakursdan yanaşılır:

“Ailələrlə bağlı bir çox mövzular var ki, onları televiziyada müzakirə etmək olar - nəsillərin bir-birinə münasibəti, övlad tərbiyəsi, ər-arvad münasibətləri, dəyərlər prizmasından bunların hamısını müzakirə etmək olar. Yox əgər siz o mövzunu ictimai bir mövzuya çevirib, cəmiyyətə fayda vermək əvəzinə, insanların şəxsi həyatına müdaxilə edirsinizsə, proqramı sensassiya üzərində qurursunuzsa, qaşınmayan yerdən qan çıxarmaq istəyirsinizsə, bu artıq başqa yanaşmadır.

Çox təəssüf ki, bu verilişlərdə məhz sensassiya qabardılır. Cəmiyyətdə narazılıq da ona görə yaranır ki, min illərdir yaşayan dəyərlər tapdalanır, lağ obyektinə çevrilir. Məncə buna diqqət yetirmək lazımdır. Yoxsa bu verilişi bağlasaq, başqası ortaya çıxacaq. Hər şeyə peşakarlıqla yanaşmaq lazımdır, çıxış yolu yanlız bundadır”.

Sosioloq, jurnalist Lalə Mehralı hesab edir ki, bu cür proqramlar son illərdə cəmiyyətdə bir çox sosial problemlərin yaranmasına səbəb olub:

“10-15 il əvvəl biz bu verilişləri tənqid edəndə, cəmiyyət buna etiraz edirdi ki, insanlara yardım edirlər, gəncləri evləndirirlər. Bir növ xilaskar kimi baxırdılar bu verilişlərə. Bir çox jurnalistlər bununla bağlı yazılar yazdı, müraciətlər etdi, bu verilişlərin bağlanmaması halında cəmiyyəti gözləyən təhlükələrdən danışdılar. Lakin reytinq naminə hər şeyi qurban verən televiziyalar reklamı üstün tutdu və bu proqramları yayımdan qaldırmadı.

Nəticəsi nə oldu? Bu gün "TikTok"da nəinki gənclər, yaşlılar elə videolar paylaşır ki, insan özü utanır ona baxdıqda. Bunlar hamısı cəmiyyətə "sosial layihə" adı ilə sırınan o proqramlardan sonra meydana gəldi. İnsanlar orada 3-5 gün oturub məşhurlaşmağın dərdinə düşdülər ki, daha sonra sosial şəbəkələrdə canlı açıb, pul qazana bilsinlər. Bu proqramların cəmiyyətə təhlükəsi hamı üçün keçərlidir”.

Bir çox sosial verilişlərdə ekspert kimi iştirak etmiş tanınmış jurnalist, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə isə düşünür ki, bu cür verilişlərin reytinqinin yüksək olması cəmiyyətin səviyyəsinin aşağı olmasından xəbər verir:

"Əlində işi, sənəti olan adam niyə gündə 3-4 saat qayınana-gəlin münaqişəsinə tamaşa etməlidir? Vaxtilə mən də həmin verilişlərin birində iştirak etmişəm. Amma o vaxt qonaqlar daha səviyyəli, mövzu aktual idi. Üstəlik, mən indiki kimi faydalı işlə məşğul olmurdum. Hesab edirəm ki, həkim sağaltdığı xəstələrin sayına, müğənni ifasına, bəstəkar mahnılarına, aktyor yaratdığı obrazlara, jurnalist isə imzasına görə tanınmalıdır".

Seymur Verdizadə məsələyə digər tərəfdən də toxunub. Onun sözlərinə görə, vətəndaşların bu cür verilişlərə axın etmələrinin səbəbi sosial problemlərinin yaşadıqları yerdə aidiyyəti orqanlar tərəfindən həll edilməməsidir:

"Təsəvvür edin danası itən adam da Zaurdan, Elgizdən kömək istəyir. Bu adamın problemi ilə orada maraqlanmalı olan rəsmi şəxslər yoxdur? Regionlarda idarəçilik sistemindəki boşluqlar vətəndaşların paytaxta üz tutmasına səbəb olur. Elə xırda sosial problemlər var ki, onları yerlərdə həll etmək olar. Əgər məmurlar vətəndaşların problemlərinə həssas yanaşsalar, mən inanıram ki, sosial verilişlərə üz tutan insanların sayı azalar. İnsanların bu verilişlərə ümid yeri kimi baxması kədərli haldır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı