Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfirini qəbul edib

Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanı qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə parlamentdən məlumat verilib.

Azərbaycan və Latviyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan spiker, ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edib. Vurğulanıb ki, qarşılıqlı təmaslar, ali və yüksək səviyyəli səfərlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Görüşdə bu il Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu, ötən dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, iqtisadi, ticarət, investisiya, humanitar sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin daha da inkişafı ilə bağlı perspektivlərə dair də fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını bildirən Milli Məclisin sədri özünün Latviyaya rəsmi səfərini məmnunluqla xatırladaraq, dostluq qruplarının da fəaliyyətini qeyd edib. O, parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Sahibə Qafarova bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların mövcud olduğunu diqqətə çatdırıb. Spiker bu çərçivədə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsini tənqid edərək deyib ki, AŞPA bu cür yanlış yanaşmadan imtina etməlidir.

Görüşdə regionda mövcud olan vəziyyət barədə də müzakirə aparılıb. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra təzyiqlərlə üzləşib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın yalan, uydurma məlumatlarına istinad edərək, ölkəmizə təzyiqlər göstərməyə çalışır.

Spiker tərəflər arasında daimi sülhün təmin olunmasının önəmini qeyd edərək deyib ki, sülh Cənubi Qafqazda uzunmüddətli sabitlik baxımından çox vacibdir.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Edqars Skuya ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. Diplomat ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbrik edib.

Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən səfir ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Edqars Skuyanın sözlərinə görə, son dövrlərdə iki ölkə arasında iqtisadi sahədə, o cümlədən işgüzar dairələr arasında əlaqələr daha da genişlənməkdədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR