"Nikol Paşinyan mətbuat konfransında 4 kəndin (anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması ilə bağlı sualı cavablandırarkən, bildirib ki, “Tavuşun kəndlərinin təhvil verilməsi haqda heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olmayıb".
Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. O bildirib ki, bu, Nikolun növbəti “özünütəkzibi” olaraq görünür:
"Çünki onun özü dəfələrlə Azərbaycanın 8 kənd məsələsinə toxunub, bu kəndlərin “Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını” bildirib. Müavini Mher Qriqoryan da sərhəd komissiyalarının martın 7-də keçirilən iclasından sonra Azərbaycanın 4 kəndi tələb etdiyini açıqladı. Bütün bunlardan sonra Paşinyanın “Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” açıqlaması absurddur və hesab etmək olar ki, erməni baş nazir ictimai ittihamlardan xilas olmaq üçün belə deyir".
Ekspert qeyd edib ki, Paşinyanın açıqlamasındakı məntiqə diqqət etdikdə fərqli nəticə ortaya çıxır:
"Erməni baş nazir deyir ki, “Tavuşun kəndlərini qaytarmaq müzakirə mövzusu deyil və Ermənistan ərazisində bu adda kəndlər olmayıb”. Bu açıqlamanı “həmin kəndlər Ermənistana məxsus olmadığı üçün onların qaytarılması Tavuşun kəndlərinin təhvil verilməsi demək deyil” kimi oxumaq mümkündür. Ardınca “delimitasiya Tavuşdan başlaya bilər” deməsi də bu məntiqi ön plana çıxarır. Əks təqdirdə, “Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” demək vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır” demək kimi bir şeydir və həmin ərazilərin hərbi müstəvidə azad edilməsini aktuallaşdıra bilər".
Seyranə Quliyeva / Metbuat.az