Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 %, qeyri-qida məhsulları üzrə 1,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Bildirilib ki, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6 %, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 % yüksəlib.
Bəs görəsən Ramazan ayını və Novruz bayramını əhatə edən mart ayında qiymət artımı tendensiyası davam edəcəkmi?
Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, mart ayında özünü göstərən qiymət artımı infilyasiya ilə bağlı deyil, tələb-təklif əsasında formalaşır:
“Bu, ərzaq səbətinə daxil olan məhsullarının qiymət artımı ilə bağlı olan statistikadır. Buradakı hesablamalar birbaşa olaraq istehlak səbətinə daxil olan və insanların daha çox istifadə etdiyi geyim, qida və günlük məişət məhsullarının ümumi həcmindəki dəyişim olaraq aparılır. Təbii ki, mart ayında bayramlarla əlaqədar xüsusən qida məhsullarında olan qiymət artımları tələbatın artması və eyni zamanda tələb-təklif formasında formalaşır. Bunu sırf qiymətlər indeksində infilyasiya olaraq nəzərdə tutmaq doğru deyil”.
Ekspert mart ayı ərzində periodik olaraq ərzaq məhsullarının qiymətlərində artımın olacağını qeyd edib:
“Hər il mart ayında ərzaq məhsullarında qiymət artımları gözləniləndir. Ancaq ciddi artım olacağını düşünmürəm. Bayram ərəfəsində artımlar hər il olur. Bu həm Yeni il, həm də Novruz bayramı ərəfəsində özünü göstərir. Hər bayrama özəl xüsusi istifadə olunan və tələb olunan məhsullar var ki, bu məhsulların qiymətində xüsusi olaraq artımlar müşahidə olunur. Təbii ki, bu artımlar periodikdir və bayram ərəfəsində süni şəkildə artırılmış qiymətlərdir”.