Ceyhun Bayramov Uqoçi Daniels ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, o cümlədən cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) digər ixtisaslaşmış qurumları ilə olduğu kimi Beynəlxalq Miqrasiya Təşkilatı ilə də sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Qarşı tərəf postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma, sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb.

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Uqoçi Daniels ölkəmizi COP29-a ev sahibliyi münasibətilə təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. Miqrasiya siyasətinin inkişafı, məcburi köçkünlərin öz torpaqlarına qayıdışının təmininə uğurla nail olan ölkəmizin bu məsuliyyətli tədbirin təşkilində də uğur qazanacağına dair inam ifadə olunub, habelə Beynəlxalq Miqrasiya Təşkilatının da öz növbəsində prosesə mümkün dəstəyi göstərməyə hazır olduğu bildirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR