“Prezidentin xüsusi nümayəndəlikləri operativ idarəçilikdə ən doğru seçimdir” - Ekspert

2021-ci ilin fevralında “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib. Fərmanın ikinci bəndində deyilir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər”.

Bu fərmandan sonra Prezidentin Naxçıvanda da səlahiyyətli nümayəndəsi təyinatı baş tutub. Martın əvvəlində Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, eləcə də Füzuli və Ağdama da xüsusi nümayəndələr təyin edib.

Bu sistemin regional idarəetmə sahəsində də geniş tətbiqinin mümkünlüyü barədə Metbuat.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, işğaldan azad olunmuş rayonlarda Prezidentin xüsusi Nümayəndəliklərinin bu şəkildə yaradılması həmin rayonların bərpası və inkişafına dövlət başçısının verdiyi önəmdən irəli gəlir:


“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında" Əsanamənin birinci bəndində deyilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə onlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir - yəni xüsusi nümayəndəliyin əməkdaşları eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.

İşğaldan azad olunmuş rayonların ən qısa zamanda bərpası və oradan vaxtılə didərgin düşmüş soydaşlarımızın geri qaytarılması həm sosial, həm də siyasi məsələdi. Bu səbəbdən də həmin rayonlarda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması operativ idarəçiliyin təmin olunması üçün ən doğru seçimdir.

Bu yaxşı təcrübədir. Hesab edirəm ki, bu gün Prezidentin xüsusi nümayəndəliklərinin və ya ən azından bir xüsusi nümayəndəsinin digər rayonlarımızda olmasına da ehtiyac var. İlk baxışda, İcra hakimiyyətlərinin mövcud olduğu şəraitdə belə təyinat parallel idarəçilik kimi görünə bilər. Çünki hər bir rayonda Prezident tərəfindən təyin olunan yerli icra hakimiyyətinin başçısı mövcuddur. Təklif etdiyimiz variantda söhbət parallel idarəçilikdən daha çox, yerli idarəetmə strukturlarının fəaliyyətinə operativ nəzarətin həyata keçirilməsindən gedir. Belə bir yenilik yerlərdə idarəçiliyin çevikliyini artırmağa, vətəndaşların qaygılarını vaxtında qarşılamağa, hər hansı bir sahədə baş verən problemlərin operativ həllinə nail olmağa kömək edərdi”.

Fikrət Yusifov düşünür ki, Prezidentin xüsusi nümayəndəsinin varlığı yerli icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının yerlərdə fəaliyyət göstərən təşkilatlarının rəhbərlərinin məsuliyyətini yetərincə artıra və yerlərdə neqativ halların qarşısının alınmasında təsirli vasitəyə çevrilə bilər.


“Son bir neçə ildə nə qədər yerli İcra hakimiyyəti başçıları idarəçilikdə yol verdikləri ciddi nöqsanlara və neqativ hallara görə vəzifəsindən çıxarıldı və həbs edildilər. Son olaylardan birini - Gədəbəy rayonunda qızıl mədəninin istismarı zamanı baş vermiş hadisələri xatırlayaq. Yerli icra hakimiyyətinin rəhbərliyi uzun müddət ərzində qızıl mədənin istismarı nəticəsində ekologiyaya və insanların sağlamlığına vurulan zərərin qarşısının alınması üçün təşəbbüs belə göstərməmişdi. Nəticədə, insanlar ayağa qalxıb öz narazılıqlarını emosional formada ortaya qoydular. Son illərdə digər rayonlarımızda da insanların üzləşdiyi problemlərin yerli icra hakimiyyətiləri tərəfindən zamanında həll edilməməsi səbəbindən vətəndaşların öz etirazlarını buna bənzər formalarda ortaya qoyması hallarına rast gəlinir.

Hesab edirəm ki, o rayonlarda Prezidentin xüsusi nümayəndəsi olsaydı, icra hakimiyyəti rəhbərləri yaranan problemlərin həllinə bu qədər məsuliyyətsiz yanaşmazdılar. İcra hakimiyyəti başçıları ən azından yaranmış problemin dövlət başçısına xüsusi nümayəndə tərəfindən həmən məruzə edilə biləcəyindən ehtiyat edib, onun operativ həllinə çalışardılar”.

Fikrət Yusifov onu da qeyd edib ki, yerli idarəçiliyin çevikliyini artırmaq məqsədilə təyin edilən xüsusi nümayəndələr yalnız yerli icra orqanlarının fəaliyyətinə nəzarət funksiyası həyata keçirməyəcəklər, onlar eyni zamanda yerli idarəetmə və icra strukturlarına problemlərin həllində yaxından kömək edəcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı