Bu ölkə "Tik-Tok"u qadağan edir - Digər ölkələr də qoşula bilər

"ABŞ Nümayəndələr Palatasının ölkə ərazisində “TikTok” qısa video xidmətinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verməsi Vaşinqtonun Pekinlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradıb".

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ABŞ siyasi sistemində adətən prezidentlə partiyalar və Konqres arasında dərin fikir ayrılıqları olur:

"Ancaq Çin şirkətinə məxsus video xidmətin Amerikaya təhlükəsizlik problemi yaratdığı məsələsində Vaşinqtondakı siyasi mərkəzlər arasında həmrəylik var. ABŞ prezidenti Cozef Bayden Respublikaçı və Demokrat partiyalarından olan konqresmenlərin “TikTok”u qadağan etmək məsələsindəki mövqelərini dəstəkləyir. Nümayəndələr Palatasının spikeri Mayk Conson kommunist Çini Amerikanın ən böyük geosiyasi düşməni adlandırıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də eyni mövqedədir. Bu təşkilat hesab edir ki, Çin “TikTok” vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır. Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, Pekin “TikTok” platforması vasitəsilə Amerika vətəndaşları barədə məlumatlar toplayır və onlardan öz məqsədləri üçün istifadə edir".

Politoloqun sözlərinə görə, bu qərar daha sonra digər ölkələrdə də təkrarlana bilər:

"Maraqlıdır ki, “TikTok” yaradan şirkət bu platformanı Çinin xaricində yayıb. Bu platforma Çində çalışmır. Belə çıxır ki, Pekin Çində icazə vermədiyi platformanı başqa ölkələrdə yaymağa çalışır. ABŞ-ın ardınca digər dövlətlər də “TikTok” platforması qadağan edə bilərlər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı