Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak edəcək.

Tədbirlərdə Milli Məclisin sədrinin çıxışları, bir sıra ölkələrin parlament sədrləri və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Sevil Mikayılova, Kamran Bayramov, Əminə Ağazadə, Şahin İsmayılov, Səbinə Xasayeva, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı