Gürcüstanın baş naziri Ermənistana niyə getdi? – Politoloq açıqladı

Bir müddət əvvəl Azərbaycana səfər edən Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. Gürcüstanın Cənubi Qafqazda oynadığı rol barədə Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, rəsmi Tiflis Azərbaycanın maraqlarından kənar addım atmaz:


“Gürcüstan daha çox iqtisadi baxımdan Azərbaycandan asılı vəziyyətdə olan dövlətdir. Hazırda bütün dünya tərəfindən Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan qəbul edilir. Ölkəmiz ümumi daxili məhsulun həcminə görə də ön sırada dayanır.

Ümumiyyətlə, Gürcüstan Ermənistanla siyasi münasibətlərində də Azərbaycanın maraqlarını düşünür. Biz bunu ikinci Qarabağ savaşında da müşahidə etdik. Gürcüstan Azərbaycanla münasibətlərin pisləşməməsi üçün Ermənistana silah-sursatın keçirilməsinə imkan vermədi.

Digər tərəfdən, Azərbaycan və Gürcüstan arasında əlaqələr sıx inkişaf edib. Azərbaycanın həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm Bakı-Tbilisi- Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həm də TANAP layihəsi Gürcüstan üzərindən dövr edir. Bir sözlə, hər iki dövlət bir-biri üçün lazımlıdır”.

Azərbaycanın Gürcüstan iqtisadiyyatına təxminən 10 milyarda yaxın investisiya qoyduğunu qeyd edən politoloq xatırladıb ki, Ermənistanla qonşuluq münasibətlərində olan Gürcüstan Azərbaycana nəinki qonşuluq, eyni zamanda siyasi, iqtisadi, regional münasibətlər aspektindən yanaşır:

“İrakli Kobaxidzenin Ermənistan səfəri tanışlıq xarakteri daşıyır. Onun öncə Azərbaycana, sonra Ermənistana səfər etməsinin də mesajları var. Gürcüstanın önəm verdiyi ölkə Azərbaycandır. Gürcüstan ümumiyyətlə təklif etmişdi ki, Ermənistan Azərbaycan arasında sülh danışıqları prosesini ölkələrində apara bilərlər. Düşünürəm ki, neytral ölkə kimi bu mümkündür. Amma Ermənistanın buna necə razılıq verəcəyi isə sual altındadır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı