“Ərdoğan varisinin xalqı tərəfindən seçiləcəyinə şərait yaratdı” - Şəhla Cəlilzadə

“Türkiyədəki 31 mart yerli idarəetmə qurumlarına keçirilən seçkilər bir sıra baxımdan diqqətəlayiqdir. Burada ilk məqam odur ki, ana müxalifət partiyası olan CHP iqtidar partiyası olan AKP-yə qalib gəldi və uzun müddət sonra yenidən Türkiyənin bir çox bölgələrində bələdiyyə başçılarını (yerli idarəetmə qurumlarının rəhbərlərini) təyin etmə haqqı qazandı”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə deyib. Müsahibimiz qeyd edib ki, Türkiyə müxalifətinin qələbəsinə ən çox sevinən Qərb dövlətləridir:


“Seçki nəticələrinə görə CHP səslərin 37,8%-ni, AKP 35,5%-ni, Yeniden Refah Partisi 6,2%-ni, DEM Partiyası 5,7%-ni, MHP 5%-ni, İYİ parti 3,8%-ni qazandı. Beləliklə, AKP-nin qalib gəldiyi il (iqtisadi rayon) sayı 2019-da 39 idisə, 24-ə düşdü, bunun əksinə, CHP-nin qazandığı il sayı 2019-da 21 idisə, 35-ə yüksəldi. Burada xüsusilə böyük şəhərlər, ən əhəmiyyətlisi isə indiki və tarixi paytaxt Ankara və İstanbulda CHP-nin qalib gəlməsidir. Çünki belə bir inanc var, kim İstanbula hakimsə, Türkiyəyə də hakimdir.

Qərb media resurslarının seçki nəticələri ilə bağlı başlıqlarına diqqət yetirək: Associated Press: “Ərdoğan böyük xəyal qırıqlığına uğradı”, AFP: “İmamoğlu Ərdoğana meydan oxudu”, Reuters: “Müxalifət Ərdoğanı devirdi”, The Economist: “Müxalifət Ərdoğana meydan oxudu”, Bloomberg: “Ərdoğana 22 il sonra şok məğlubiyyət”, Le Monde: “Ərdoğan üçün ağır məğlubiyyət”. Göründüyü kimi, Türkiyə müxalifətindən daha çox Qərb dünyası bu seçki nəticələrini bayram edir”.

Səbəblər barədə danışan Şəhla Cəlilzadə hesab edir ki, 31 mart seçimlərinə Qərbin istehzalı münasibətinə ən yaxşı cavab “ən yaxşı gülən sonda güləndir” oldu.

“Türkiyə Ərdoğandan öncəki dövrdə Qərbin siyasi təsir dairəsində idi və azad xarici siyasi fəaliyyəti məhdud idi. Türkiyə isə Qərb üçün gözlənilməz nəticələr doğuran dəyişikliklərə getdi. Xüsusilə Rusiya ilə münasibətlərdə, eyni zamanda Yaxın Şərq, Qafqaz və s. regional siyasətləri baxımından bunlar, təbii olaraq Qərbin marağında deyildi.

Odur ki, Qərb yenidən Türkiyəni öz oxuna çəkmək üçün müxalifətin qalibiyyətində maraqlıdır. Düşünürəm ki, 31 mart seçimlərini 2028-də baş tutacaq genel (prezident+parlament) seçkilərində də müxalifətin qalib gələcəyinə dair işarə olaraq təqdim edir. Hətta İstanbul bələdiyə başkanı seçilən Ekrem İmamoğlunu növbəti prezident elan edənlər də var.

Burada üçüncü və ən əhəmiyyətli məqam isə Ərdoğanın özünün 31 mart seçkilərinin nəticələrinə münasibətidir. O, seçki sonrası balkon çıxışında dedi: “Bu, bir dönüm nöqtəsidir. Bu seçkilərin əsas qalibi demokratiyamızdır. Bu nəticələr milli iradənin təcəllisidir və qalib 85 milyonluq Türkiyə əhalisinin hər biridir.” Beləcə, azad seçimlərin keçirilməsinə şərait yaratmaqla Ərdoğan həm Türkiyə milli maraqlarına (sistemin daima yenilənmə tələbinə), həm demokratiyanın güclənməsinə xidmət etməklə yanaşı, həm də özünün 2023-cü ilin may ayında prezident seçilməsini bir daha legitimləşdirdi”.

31 mart seçkilərindən az öncə Ərdoğan bəyan etmişdi ki, “Mənim üçün bu bir finaldır və son seçkimdir.” Şəhla Cəlilzadə bu açıqlamanı şərh edərək qeyd edib ki, Ərdoğan 31 mart nəticələrinə münasibəti ilə 2028-ci ilədək öz elektoratı ilə yanaşı, bütün Türkiyə xalqının qəlbini fəth etməyi bacardı:

“Ərdoğan varisi olaraq göstərəcəyi şəxsin Türkiyə siyasi-iqtisadi elitası və xalqı tərəfindən seçiləcəyinə şərait yaratdı. Onun varisləri olaraq isə hələlik, Hakan Fidan və Selçuk Bayraktar adları səslənməkdədir” .

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı