Bu gün Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesi ilə bağlı təcili sessiya keçiriləcək.
Müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə keçirilən iclas müzakirəyə qapalı olacaq. İclasda xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini, demarkasiya komissiyasının üzvü Mqer Qriqoryanın iştirak edəcəyi deyilir.
Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının dalana dirənməsini “tərəflərin iki mühüm məsələdə razılığa gələ bilməməsi” ilə izah edib. Onun sözlərinə görə, sülh müqaviləsinin bu iki əsas məqam üzrə Bakı və İrəvanın baxışları bir-birindən uzaqdır: “Bunlar - delimitasiya və bölgədə kommunikasiyaların açılması məsələləridir”.
Mövzu barədə Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanla Azərbaycan arasında aparılan müzakirələrdə Ermənistan tərəfi danışıqları manipulyasiya edir:
“Biz artıq Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı səsləndirilən fikirləri eşitsək də, bunun reallaşmadığını görürük. İndi Ermənistan müxalifəti, revanşist qruplar Ermənistanda proseslərə qarışır, Nikol Paşinyana təzyiq edirlər. Amma buna baxmayaraq, düşünürəm ki, bu proseslər dörd kəndin Azərbaycana verməsi ilə nəticələnəcək.
Əgər Ermənistan tərəfi dörd kəndi Azərbaycana qaytarmasa, sülh prosesi dalana dilənəcək. Bu zaman Azərbaycanın hüququ var ki, həmin kəndlərin ərazilərində əməliyyatlar keçirib, dörd kəndi geri qaytarsın”.
Hazırda Ermənistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ciddi fikir ayrılıqları olduğunu vurğulayan politoloq hesab edir ki, dörd kəndin Azərbaycana qaytarılması sülh üçün çox ciddi addım olacaq:
“Ermənistan parlamentində keçirilən iclasda delimitasiya və demarkasiya ilə bağlı müsbət nəticə olmasa, İrəvan yenidən manipulyasiyaya cəhd edərsə, Ermənistan sülhə deyil, təxribatlarda maraqlı olduğu bir daha nümayiş etdirmiş olacaq”.
İrəvan rəsmilərinin yalançı sülh ritorikasının regionda vəziyyəti daha da çətinləşdirdiyini vurğulayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev Metbuat.az-a bildirib ki, beynəlxalq tribunalardan öz havadarlarına güvənərək saxta bəyanatlar verən Ermənistan masa arxasında əyləşib, problemlərin həllinə yönəlməlidir:
“Azərbaycan öz mövqeyini birmənalı şəkildə ortaya qoyub və Ermənistandan konkret addımlar, adekvat cavab gözləyir. Bunun əksinə olaraq aidiyyatı olmayan qurumlar, müxtəlif sabiq məmurlar, politoloqlar və hətta terror təşkilatlarının nümayəndlərinin rəyləri eşidilir. Verilən cavabların da heç biri Ermənistan hökumətinin bu və ya digər şəkildə mövqeyini ortaya qoymaq istəmir.
Görünən odur ki, sülh yox, əksinə münaqişəni böyütmək, körükləmək məqsəd kimi seçilib. Əgər Ermənistan sülhə nail olmaq istəyirsə, separatçı qurumun öz ərazindəki “nümayəndəliyi”ni ləğv etməli, dörd kəndlə bağlı danışıqlara son qoymalı, qeyri-şərt irəli sürmədən təhvil verməli, konstitusiyadakı separatçı maddəni dərhal ləğv etməlidir. Çünki gələcəkdə sülh müqaviləsi imzalansa belə parlament ratifikasiyası zamanı bu məsələ ən ciddi əngəl ola bilər”.
Arzu Nağıyev onu da qeyd edib ki, əks təqdirdə Azərbaycan sülhə məcburetmə metodunu işə sala bilər ki, bu da həm Ermənistan, həm də onların himayədar və havadarlarına ciddi mesaj olacaq.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib.